“Kənd təsərrüfatının inkişafı üçün müxtəlif dövlət proqramları var”
“Kənd təsərrüfatında istər əkinçilik, istərsə də heyvandarlıq baxımından vəziyyət o qədər də ürək açan deyil. Əyani sübut olaraq marketlərdə gündəlik vətəndaş bunu görür. Hansısa qurupaxlalı məhsulun arxasını çevirsən ya Türkiyə, ya Rusiya yazacaq, yəni istehsal ölkəsi və ya mənşəyi o ölkələr olacaq. Bununla yanaşı meqalapolisləşmə problemi də var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
Onun sözlərinə görə, heç kəs kənd təsərrüfatı ilə məşğul olmaq istəmir, hamı Bakıda məskunlaşmaq istəyir: “Kənd təsərrüfatı həm zəhmətlidi, həm də innovativ cəhətdən inkişaf etməyib. Əslində bununla əlaqəli dövlət proqramı olsa daha yaxşı olar. Avropa və Amerikada orta yaş üstü insanlar kənd təsərrüfatı sahəsi ilə məşğuldur. Orta yaş üstü insanlar üçün kənddə yaşam proqramı olsa həm şəhərdə sıxlıq azalar, həm də məşğulluq artar.
Hansısa rayonun inkişafını innovasiyanın tətbiqi və ya inkişafı ilə əlaqələndirmək düzgün olmazdı. Çünki bu dövlət proqramı çərçivəsində görülən işdir. Dövlət büdcəsindən bütün bölgələrə vəsait ayrılır. Ümumi müqayisə etdikdə şimal bölgəsinə daxil olan regionların ümumi inkişaf səviyyəsi daha yaxşıdır. Həm Rusiya ilə sərhəd olması, həm də əksəriyyətinin turistik region olması bir növ avantajdır. Həm texnika texnologiyanı tədarük edir, həm də öz məhsulunu asanlıqla xarici bazara çıxara bilir. Geri inkişafa qalanda isə Aran bölgəsi iqtisadi vəziyyət baxımdan bir o qədər ürəkaçan deyil. Kənd təsərrüfatınin inkişafı üçün isə müxtəlif dövlət proqramları var”.