Siyasət

“Sülhü pozan təxribatçı addımlara son qoyulmalıdır”


“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr irəli sürür. Çünki Azərbaycanın əsas tələbləri ATƏT-in Minsk Qrupunun buraxılması, eyni zamanda Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Lakin burada Ermənistan sülh ilə bağlı manipulyasiyalarını davam etdirir. Həmçinin sürətli silahlanma və Azərbaycana qarşı müxtəlif şər və böhtan kampaniyalarının həyata keçirilməsinin də şahidiyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bir tərəfdən müşahidələrimiz göstərir ki, Qarabağın Ermənistanda olan nümayəndəliyi də bağlanılmayıb: “Onun bəzi vaxtlar müxtəlif tədbirlər həyata keçirdiyini də görürük və eyni zaman Ermənistan parlamenti ilə qondarma qurumun parlamenti arasında olan dostluq qrupu da öz fəaliyyətini dayandırmayıb. Bütün bunlar revanşizm əlamətlərinin hələ də qaldığının göstəricidir.

Hesab edirəm ki, Ermənistan öz diqqətini Azərbaycana qarşı yönəltməkdənsə, daha çox konstitusiya dəyişiklikləri və referendumlarla bağlı fəaliyyətini icra etsə daha yaxşı olar. Eyni zamanda sülh ilə bağlı Ermənistanın siyasi rəhbərliyi əhali ilə geniş danışıqlar həyata keçirməlidir. Əhalini sülhə hazırlanması baş tutmalıdır. Təəssüflər olsun ki, Ermənistan daxilində hələ də azərbaycanlılara və türklərə qarşı düşmənçiliyi təşviq edən qruplar qalmaqdadır. Bu həm hakim dairələri, həm də müxalif cəbhədə özünü aydın şəkildə büruzə verir. Eyni zamanda mütəmadi olaraq Azərbaycan-Ermənistan şərti sərhədlərimizin atəşə tutulmasının da şahidiyik. Hesab edirəm ki, bütün bu sülhü pozan təxribatçı addımlara da son qoyulmalıdır.