Toy adət-ənənələrimiz niyə unudulur?
Azərbaycan toyları hər zaman özəlliyi ilə seçilib. Amma son illər toylar əsasən “qonşudan geri qalmamaq” prinsipi üzrə keçirilir. Gözəl toy adətlərimiz tədricən itib-batır, unudulur. Maraqlıdır, unudulan toy adət-ənənələrimiz hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Yeganə Feyziyeva: “Adətlərimiz unudulur. İndiki gənclər, yəqin ki, fərqli keçirmək istəyirlər. İndi qohumlara az söz verilir. Məncə, az verilsə yaxşıdır. Çünki toyun vaxtından gedir. Bu toydur, oynamaq, əylənmək lazımdır. Toyun marağı elə oynamaqdadır. Son zamanlar toylarda ən çox Azərbaycan Himni ilə bəylə gəlinin zala daxil olmasının şahidi olmuşam”.
Şəhər sakini Mahirə Əliyeva: “İki gündən bir, demək olar ki, hər gün toya gedirik. Bizim toylarda dəyişiklik yoxdur. Hansı adət-ənənə varsa, biz saxlamışıq. İndi hər şey dəyişildiyi kimi onu da unudurlar. Çox istərdim ki, toylarımız keçmişdəki kimi olsun. Amma nə etmək olar, zamanla ayaqlaşırlar. Keçmişdə gəlinlər meydanda bu qədər oyun çıxarmırdı. Bəzi toylarda görürəm ki, gəlinlər həddindən artıq oynayırlar. Həmişə deyirdilər ki, gəlin çox oynasa ucuzlaşar. Həmin səhifəni görürük. Həm ucuzlaşır, həm boşanırlar. Əvvəl min nəfərdən bir nəfər boşanaydı, barmaqla göstərərdilər. İndi bir nəfər evli qalıbsa, onu barmaqla göstərirlər”.
Şəhər sakini Ceyran Rəhimova: “Mən milli adət-ənənələrimizi sevən insanam. Daim qorumağa çalışıram. Ona görə də, unudulmasına münasibətim yaxşı deyil. Qorumağa çalışıb öz övladlarıma ötürməyi düşünürəm. Vağzalı çalınması, böyüklərə söz verilməsi vacibdir. Azərbaycan adət-ənənələri ilə Avropa mədəniyyətinin sintezini etmək hərənin öz işidir. Amma mən istərdim ki, ailə üzvlərim, ətrafım milli adət-ənənələrimizi qoruyaq”.
Şəhər sakini Nərmin Səadətdinli: “Sosial şəbəkələrdə çox şeylər görürlər. Bizim Avropaya inteqrasiya da var. Yəqin, bir az da özlərini bənzətməyə çalışırlar. Əslində milli adət-ənənələrimiz unudulmasa yaxşıdır. Çünki bu, bizim folklorumuz, tariximiz, keçmişimiz, ədəbiyyatımızdır. Üstəlik də xoş təsir bağışlamır. Düşünürəm ki, gəlinin vağzalı ilə çıxması ən yaxşısıdır”.
Şəhər sakini, yazıçı Əsəd Cahangir: “Vağzalı, qohumlara söz verilməməsi, digəri də yengədən istifadə edilməməsi dəyişikliklər arasındadır. Toyun yaxşı adətləri də var, pis adətləri də var. Məsələn, yengə məsələsinin aradan qaldırılması üçün çox məmnunam. Yaxşı ki, yığışdırılıb. Murdar adətdir. Qapının deşiyindən gəlinlə bəyi pusmaq pisdir. Bir çox adətlər var ki, onları da o qədər məqbul hesab etmirəm. Məsələn, süd pulu istəmək, yaxud da, onların qarşısında şərt qoymaq məqbul deyil. Bir çox adətlər var ki, ziyansızdır, onlarda pulgirlik yoxdur. Gəlinin ayağının altına boşqab qoyurlar, o da sındırır. Bu yaxşı adətdir. Xonça bəzənib gəlməsi də yaxşı adətdir. Vağzalının unudulub valsla əvəz edilməsini qeyri-məqbul hesab edirəm. Milli musiqimiz var. Vals çox gözəldir, amma vağzalı daha doğmadır. Hərəsinin öz yeri olsun. Həm milli adətlərimizi saxlayaq, dünya xalqları içində mədəniyyətə malik olduğumuzu göstərək, həm də dünya mədəniyyətini daxil edək, amma milli adət-ənənələrimizi unutmamaq şərtilə. “Kitabi- Dədə Qorqud” kitabı yazılıb. Orada belə yazılıb: Allah, Allah demədən işlər olmaz. Qadir Tanrı verməyincə ər bayımaz. Allahın adı gedir İslam dini ilə bağlı, amma qədim türk Tanrısı da onun yanında çəkilir. Biz türk xalqlarıyıq. Başqa dini inancı belə qəbul edərkən öz dini inancımıza hörmət edirik. Tanrımıza təpik atmamışıq. Mən öz adət-ənənələrimizi saxlayıb, həm də dünya mədəniyyətinə açıq olmalıyıq”.
Şəhər sakini Hüseyn Qurbanov: “Dəyişiklik hər bir ailənin öz adətindən asılıdır. İndiki toylar vağzalı ilə də olur, valsla da. Rayon variantını da edirlər. Dünyada adətlərə bütövlükdə riayət olunmalıdır, deyə bir şey yoxdur. Avropadan heç nə götürməyək. Sovet dövründən qanımıza hopdurublar ki, gərək vals da olsun. Toy toydur, harada olursa-olsun əsas abu-havadır. Toya ünsiyyət, əylənmək üçün gəlirsən”.