Turizm

Çinli sahibkarları Azərbaycana yatırım etməyə çağırırıq


Bu mənim Azərbaycana ilk səfərimdir. Biz danışıqlar vasitəsilə qarşılıqlı anlaşmanı dəstəkləyirik. Bu iqtisadi, sosial inkişaf və sülhü daha da irəlilətməyə səbəb olacaq. Nəticədə də regionda stabilliyə şərait yaradacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri məxsusi müsahibəsində Çin Xalq Respublikasının Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin professoru Hongsheng Sheng aprelin 8-də Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumu çərçivəsində deyib.

Azərbaycan-Çin arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran çinli professor Qarabağın investisiyalar üçün cəlbedici olduğunu vurğulayıb: “Prezident İlham Əliyev dəfələrlə Çinə dəvət olunub. Çin və Azərbaycan çox yaxşı dost və tərəfdaşdır. Bir çox sahədə əməkdaşlıq edirik. Hazırda biz çinli sahibkarları Azərbaycana yatırım etməyə çağırırıq. Xüsusilə Qarabağ bu baxımdan çox cəlbedicidir. Burada sahibkarların müxtəlif məhsulların ixracını həyata keçirmək fürsəti var. Çində davamlı inkişafı təşviq etmək hazırda çox önəmlidir. Yenilənə bilən enerjilərdən istifadəni də təşviq edirik. Azərbaycana bir sıra yaşıl enerji sahəsində Çin dəstək göstərməkdə davam edir”, – deyə çinli alim əlavə edib.