Kral III Çarlz və Kraliça Kamilla İtaliyaya rəsmi səfərə gəliblər
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla İtaliyaya rəsmi səfərə gəliblər. SİA xəbər verir ki, taxta çıxdıqdan sonra İtaliyaya ilk dəfə rəsmi səfərə gələn Kral III Çarlz və xanımının İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşləri nəzərdə tutulur.
Dörd günlük səfər çərçivəsində cütlüyün Kolizeyə səfəri, Britaniya icması və digər müxtəlif görüşləri nəzərdə tutulub. Həmçinin, Kral III Çarlzın İtaliya parlamentində çıxışı gözlənilir. Çarlz və xanımı evliliklərinin 20-ci ildönümündə – aprelin 10-u Ravenna şəhərinə səfər edəcəklər.
Qeyd edək ki, Kral III Çarlz və Kraliça Kamillanın Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşü planlaşdırılsa da, pontifikin səhhəti ilə əlaqədar Vatikana səfər təxirə salınıb.