Parisdə Azərbaycanın Milli bəyanatı səsləndirilib
Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilən qurumun İcraiyyə Şurasının 221-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyanın plenar debatlarında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını iştirakçıların diqqətinə çatdırıb.
Milli bəyanatda ölkəmizin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyinə, qurumun aparıcı proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük diqqət yetirdiyi bildirilib. Bu məqsədlərə nail olmaq üçün Azərbaycanın UNESCO, eləcə də üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə əməkdaşlıq etməyə hazır olduğu qeyd olunub.
UNESCO-nun donor ölkələrindən biri kimi Azərbaycanın təşkilatın qlobal missiyasında nümayiş etdirdiyi fəal dəstəkdən bəhs edən səfir, xüsusilə Afrikanın zəngin mədəni və təbii irsinin qorunması, potensialın gücləndirilməsi kimi sahələrdə müvafiq təşəbbüsləri dəstəkləməklə qitənin inkişafına verdiyi töhfələrdən söz açıb.
Çoxəsrlik multikulturalizm, müxtəliflik, mədəniyyətlərarası və dinlərarası dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət ənənələrinə malik Azərbaycanın “Bakı Prosesi” və “Peace4Culture” kimi təşəbbüslər vasitəsilə dünya miqyasında sülh mədəniyyətini təşviq etdiyi vurğulanıb.
Azərbaycan üçün strateji prioritet təşkil edən təhsil sahəsində milli və beynəlxalq səviyyədə atılan addımlar qeyd edilib. STEAM, TVET, UNITWIN/UNESCO Kafedralar Proqramı və ASPnet kimi çərçivələrdə ölkəmizin iştirakından bəhs edilib.
Bəyanatda mədəni irsin qorunmasının əhəmiyyətinə toxunulub və bu kontekstdə cari ilin martında Azərbaycanda UNESCO-nun iştirakı ilə keçirilmiş “Qədim insan məskənlərinin qorunub saxlanması: təhlükələr və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans barədə məlumat verilib.
Həmçinin iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın fəal iştirakı barədə sessiya iştirakçılarına məlumat verilib və ölkəmizin COP29-a uğurla ev sahibliyi və sədrlik etdiyi diqqətə çatdırılıb.
İclas iştirakçılarına Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası barədə, həmçinin ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi ilə Cənubi Qafqazda yaranmış yeni şərait, habelə işğal zamanı ərazilərimizin məruz qaldığı böyük dağıntılar, Qarabağ və Şərqi Zəngəzurdan 750 minə yaxın, Qərbi Zəngəzur, İrəvan, Göyçə, Vedi və digər tarixi torpaqlarımızdan isə 300 mindən artıq azərbaycanlı mülki əhalinin öz tarixi və ata-baba yurdlarından qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilib.
Azərbaycan hökumətinin, çoxsaylı qeyri-hökumət təşkilatları və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıq ifadə edərək, vəziyyətin qiymətləndirilməsi üçün faktaraşdırıcı missiyanın göndərməsinə dair UNESCO-ya etdiyi müraciətin Azərbaycan xalqının haqlı tələbi olduğu bildirilib.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma, habelə məcburi köçkünlərin qayıdışı istiqamətində görülən işləri barədə məlumat verilərək, mina və partlamamış hərbi sursatların yaratdığı ciddi təhlükə və əngəllər qeyd olunub. 2020-ci ildən bəri mülki şəxslər də daxil olmaqla 400-dən çox insanın minaların qurbanı olduğu diqqətə çatdırılıb.