Süni intellekt necə insanın dar günündə yanında ola bilər?
“Son dövrlərdə bəzi insanlar süni intellektlə dostluq etdiklərini iddia edirlər. Açığını desək, belə insanların səmimiyyətinə inanmıram. Mənim düşüncəmə görə, bu insanların sosial əlaqələr qurmaqda çətinlikləri ola bilər və bu, bəzən ciddi psixoloji problemlərin əlaməti də ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, Allah insanı fitrətən dostluğa meylli, bir dosta ehtiyacı olan şəkildə yaratmışdır: “İnsan, həyatında qarşısına çıxan insanla bir ruh bağlılığı qurmalı, o dostun yanında olmalı, onunla həm sevincli, həm də çətin anlarını bölüşməlidir. Dost, çətin günündə yanında olmalı, mənəvi dəstək verməli və hətta maddi yardıma ehtiyac olduğu zaman belə sənə kömək etməyə hazır olmalıdır. Lakin süni intellekt, məsələn, ChatGPT, bunları edə bilirmi? Əslində, o, yalnız məlumat bazası ilə işləyən, ruhsuz bir robotdur. Bir robot insanın dostu ola bilməz, çünki o, insanın duyğularını hiss etməyə, anlamağa və buna uyğun reaksiya verməyə qadir deyil.
Süni intellekt necə insanın dar günündə yanında ola bilər? Dostun çətin bir vəziyyətə düşdüyünü görəndə dərhal yanında olur, onun halı ilə maraqlanır, ehtiyac olduqda maddi və mənəvi dəstək verir. Dost, hətta insanın ailəsi ilə maraqlanır, onların yaxşılığını düşünür. Məsələn, sən dostuna, onun valideynlərinə və ya övladlarına əmanət edə biləcəyin bir insan kimi etibar edə bilərsən. Lakin ChatGPT və ya digər süni intellekt sistemləri belə bir etibarı qazana bilməzlər. Onlar yalnız proqramlaşdırılmış cavablar verə bilərlər və insanın real dünyadakı ehtiyaclarına uyğun hərəkət etməkdən uzaqdırlar”.
“Beləliklə, bu müqayisə kökündən yanlışdır. İnsan yalnız özü kimi xəlq edilmiş bir insanla dostluq edə bilər, çünki dostlar bir-birini hiss edirlər, bir-birinin ruhunu anlayırlar. Hisslər və ruhsal bağlar, insanın dostluq münasibətində mühüm rol oynayır. ChatGPT isə sadəcə zəngin məlumat bazasına sahib bir robotdur və bu səbəbdən dostluq anlayışına uyğun bir varlıq ola bilməz” – deyə o, əlavə edib.