Siyasət

“Azərbaycan ictimaiyyəti bu prosesi sevinc və qürurla izləyir”


“Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin sürətli bərpa, yenidənqurma işlərini həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu proses Azərbaycanın öz daxili iqtisadi imkanları hesabına reallaşdırılır: “Heç bir xarici dəstək olmadan reallaşır. İşğaldan azad olunmuş ərazilərin bərpası demək olar ki, sıfırdan həyata keçirilir. Çünki bu ərazilər məlum olduğu kimi uzun illər işğal altında saxlanıldığı dövrdə erməni vəhşiləri tərəfindən tamamilə yerlə-yeksan edilmişdi. Sıfırdan meqa layihələr həyata keçirilməsi nə qədər çətin və vaxt aparan proses olsa da, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bu istiqamətdə çox ciddi proqramların həyata keçirilməsi ilə nəticələnib. Çox böyük layihələr, sosial-iqtisadi layihələr həyata keçirilir, yeni iş yerləri, müəssisələr yaradılır. Paralel olaraq da şəhərlər, kəndlər, qəsəbələr sürətlə tikilir. Bu proseslə paralel keçmiş məcburi köçkünlər də öz doğma ata-baba yurdlarına qayıdırlar.

Demək olar ki, hər həftə azad olunmuş ərazilərə bir neçə istiqamətdə “Böyük Qayıdış” köçləri həyata keçirilir. Bu proses sevindirici haldır ki, keçmiş məcburi köçkünlərin çox böyük sevinci ilə reallaşır. Həmin insanlar böyük şövqlə, sevinclə öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Sevinclə öz yurdlarına qayıdırlar. Təbii ki, paralel olaraq layihələr, sosial obyektlər, məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri, dövlətin digər qurumlarının bölmələri, qolları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayır. “Böyük Qayıdış” prosesi də uğurla davam etdirilir. Bundan sonra da hələ bir neçə uzun illər Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa işlərindən sonra keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Bu ərazilərə, həqiqətən də, yeni həyat qayıdır. Keçmiş məcburi köçkünlər əbədi olaraq öz tarixi yurdlarında yaşamağa başlayırlar. Bu da çox fəxr və qürurverici anlardır ki, bütün Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti bu prosesi sevinc və qürurla izləyir”.