“Azərbaycan torpaqlarımızı azad etdikdən sonra böyük quruculuq-bərpa işləri görülüb”
“Böyük Köç, “Böyük Qayıdış Proqramı”nın Azərbaycan dövlətinin Prezidentnin rəsmi olaraq qəbul etdiyi “Qayıdış Proqramı”nın tərkib hissəsidir. Təbii ki , Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərimizi işğaldan azad etdikdən sonra qısa müddətdə orada böyük quruculuq bərpa işləri görülüb”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin işğal dönəmində məhv etdiyi, dağıtdığı infrastrukturun bərpası istiqamətində müasir standartlara cavab verən yüzlərlə kilometr avtomobil yolları, dəmir yolları, körpülər, tunellər, hava limanları və ümumilikdə insanların yaşaması üçün böyük işlər görülüb və proses bugün də davam etdirilib: “Azad edilmiş ərazilərə səfər edən vətəndaşlar, həm də xarici qonaqlar digər şəxslər bunun şahidi olurlar. Amma buna paralel şəkildə mina təmizləmə prosesini də unutmamalıyıq. Çünki böyük quruculuq bərpa işlərinə orada hələ də mövcud olan minalar ciddi şəkildə maneəçilik törədirlər. Bu da prosesi zəiflədir və onu sürətinin qarşısını alır. Amma hər bir halda, Azərbaycan həm öz gücü hesabına mina təmizləmə prosesini həyata keçirir, həm də Azərbaycan bərpa işlərini də öz gücü hesabına həyata keçirir”.
Xəyal Bəşirov qeyd edir ki, bunun nəticəsi kimi insanların ora qayıdışını da təmin edirik: “Zəngilana, Ağalı kəndinə, Füzuliyə, Laçına, Kəlbəcərə, Ağdama, Şuşaya qayıdış prosesi davam edir. Dövlətimiz bu prosesi çox uğurla həyata keçirməkdədir. Amma bizim qarşımızda böyük problemlər də var. Bu problemlərdən biri kimi mina təmizləmə məsələsidir. Söhbət bir milyona yaxın minadan gedir ki, onların da təmizlənməsi prosesi uzun zaman və böyük vəsait tələb edir. Eyni zamanda, həm də Qayıdış prosesini ləngidir. Bu baxımdan Azərbaycanın görməli olduğu çoxlu işlər var və hər il büdcədən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində milyardlarla manat həcmində vəsaitlər ayrılır. Bu siyasətimizin həyata keçirilməsi ilə bağlıdır. Ümid edirik ki, dövlətimizin qarşıya qoyduğu bütün məqsədlərə vaxtında və lazımi şəkildə nail olunduğu kimi, bu məsələdə də, biz hədəfimizə çatacağıq. O torpaqların əsas sahibləri olan həmvətənlərimiz hədəflədiyimiz müddətdə doğma yurdlarına qayıdacaqlar və oradakı yaşayışlarını bərpa edəcəklər. Dövlətimiz bu istiqamətdə əlindən gələn bütün addımları atır”.