“İşğaldan azad olunmuş rayonlarımızda enerji stansiyalarının quraşdırılması çox vacibdir”
“Ümumiyyətlə transformator elektrik maşını olaraq elektrik enerjisinin gücünü sabit saxlamaqla, gərginlik pilləsini dəyişərək uzaq məsafəyə otürülməsi üçündür. Transformator yarımstansiyaları təyinatına görə iki yerə bölünür: yüksəldici və alçaldıcı.
Generasiya gərginliyi yüksəldici yarımsatansiyada transformatorlarla ötürülən məsafəyə uyğun olaraq gərginliyin tələb olunan pilləsinə qədər yüksəldilir və elektrik verliş xətləri ilə təyinat yerinə çatdırılır və burada alçaldıcı yarımstansiyalarda işlədicilərin təlabatına uyğun gərginlik pilləsinə endirilir”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib.
Onun sözlərinə görə, transformator stansiyasının quraşdırılması, adətən, bu tip energetik qurğularda hava xətti ilə ötürülən cərəyanın gücünün artırılması və ya sabit saxlanması məqsədilə həyata keçirilən texniki bir prosesdir: “Transformator o halda quraşdırılır ki, hava xətti ilə uzun məsafələrə elektrik enerjisi ötürülərkən qızma nəticəsində enerji itkisinin qarşısı alınsın və stabil enerji təminatı olsun. Bu səbəbdən müəyyən məsafələrdə transformator stansiyaları quraşdırılır. Həmin transformator stansiyaları həm cərəyanın gücünü artıra bilir, məsələn, 35Kilovoltdaxil olarsa, onu 50–60 kilovolt və ya 110 kilovolta qədər artıra bilər, həm də cərəyanı aşağı salıb gücü stabil saxlamaqla digər məntəqəyə ötürülməsini təmin edir.
Kəlbəcərdə quraşdırılan transformator stansiyası da düşünürəm ki, məhz bu məqsədlə nəzərdə tutulmuşdur. Həm Kəlbəcərin sabit elektrik enerjisi ilə təmin olunması, həm də ötürmə zamanı yaranan enerji itkilərinin qarşısının alınması üçün bu stansiyanın qurulması çox mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, transformator qurğularının əsas funksiyalarından biri də elektrik enerjisinin sabit şəkildə ötürülməsini təmin etməkdir. Əgər üzərində 35 kilovolt güc yazılıbsa, bu, deməkdir ki, həmin cərəyanı təqribən 35 km məsafəyə stabil ötürmək mümkündür.
Kəlbəcər işğaldan azad olunduqda ən çox dağıntıya məruz qalan rayonlardan biridir. Rayon təmamilə yenidən tikildiyindən və yeni yaşayış məntəqələrinin salındığını nəzərə alsaq, stabil elektrik enerjisi təminatı üçün transformator stansiyasının quraşdırılması çox vacibdir. Bu cür stansiyaların işlənməsi zamanı ətraf mühitə təsir yaranır və stansiyanın ətrafında bəzi ekoloji tədbirlər də həyata keçirilməlidir. Çünki istifadə olunan yanacağın təsiri nəticəsində və stansiyasının işləməsi zamanı karbon dioksid (CO2) yaranır və bu qazın ətraf mühitə təsirini azaltmaq məqsədilə yaşıllaşdırma işləri aparılmalıdır. Bu tədbirlər karbon dioksidin udulmasını təmin edər və tullantıların ətraf mühitə zərər verməsinin qarşısını alar. Düşünürəm ki, layihəni həyata keçirən “ Azərişıq” Açıq səhmdar cəmiyyəti (ASC) ekoloji problemlərin yaranmaması üçün tədbirlər nəzərdə tutublar”.