Dünya

Cənubi Koreya Suriya ilə diplomatik əlaqələri bərpa edib


Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ölkənin Suriya ilə diplomatik əlaqələri bərpa etdiyini açıqlayıb. SİA Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bununla ölkənin Şimali Koreya istisna olmaqla BMT-nin bütün üzv dövlətləri ilə diplomatik əlaqələri təmin edilib.

Nazirlik Cənubi Koreyanın xarici işlər naziri Ço Te Yolun apelin 9-da Suriyaya səfər edərək, ölkənin Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani ilə görüşdüyünü, ikitərəfli münasibətlərin inkişafını müzakirə etdiyini açıqlayıb. Koreyalı nazir iki ölkənin əməkdaşlığının Suriyanın inkişafına və regional sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib, ölkəsinin iqtisadi inkişaf təcrübəsini bölüşməyə hazır olduğunu deyib. Tərəflər Cənubi Koreya şirkətlərinin Suriyanın bərpasında iştirakı və humanitar yardım məsələlərini də müzakirə ediblər. Nazir Ço Te Yol səfər çərçivəsində Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şəraa ilə də görüşüb, ölkəsinin Suriya hakimiyyətinin səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Cənubi Koreya ilə Suriya arasında diplomatik əlaqələr Əsəd rejiminin Şimali Koreya ilə sıx əlaqələri səbəbindən kəsilmişdi. Cənubi Koreya Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkə ilə əlaqələri bərpa etməyə çalışıb. Fevralda Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyada səfərdə olub və müvafiq müzakirələr aparılıb. Nazirlər Kabinetinin martın 18-də keçirilmiş iclasında Suriya ilə diplomatik əlaqələrin bərpasına qərar verilib.