Dünya

Elektrikli avtomobillərdə nasazlıqlar daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən az olur


Alman Avtomobil Klubunun (ADAC) açıqladığı statistika elektrikli avtomobillərin eyni yaşdakı daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə xeyli üstün nəticələr göstərdiyini ortaya çıxarıb. SİA “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, 2020–2022-ci illər arasında ilk dəfə qeydiyyatdan keçmiş hər 1000 elektrikli avtomobilə görə 4,2 nasazlıq qeydə alınıb. Eyni dövrdə daxiliyanma mühərrikli avtomobillərdə bu göstərici 10,4 olub. Bu nəticələr ADAC-ın əvvəlki müşahidələrini təsdiqləyir.

Statistika elektrikli avtomobillərin üstünlüklərini bir daha ortaya qoyub. Ümumilikdə nasazlıqların sayı azalsa da, bu tendensiya üç yaşlı elektrikli avtomobillərdə daha sürətlə baş verir. ADAC bunu əsasən avtomobil istehsalçılarının öyrənmə prosesi nəticəsində ilk illərdəki bir çox problemlərin və zəifliklərin aradan qaldırılması ilə izah edib.

Ən çox rast gəlinən nasazlıq yenə də start batareyasından qaynaqlanır. Bu problem həm daxiliyanma mühərrikli, həm də elektrikli avtomobillərdə ən çox rastlanan nasazlıq növü kimi qeydə alınıb.

Bu statistikaya yalnız sürücülərin səbəb olmadığı və yola davam etməyin mümkün olmadığı hallar daxil edilib.