Sosial

NDU-da bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib


Naxçıvan Dövlət Universitetində (NDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib.

SİA-nın məlumatına görə, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsində tələbələrin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. Sonra bədii yaradıcılıq müsabiqə-festivalının açılış mərasimi keçirilib.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə rektor Elbrus İsayev, Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Gülyanaq Məmmədova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli, digər nümayəndələr, universitetin rəhbər heyəti, müəllim və tələbələri iştirak ediblər.

Rektor Elbrus İsayev ənənəvi olaraq keçirilən və bu gün dördüncü dəfə universitetdə təşkil olunan müsabiqə-festivalın mədəniyyətimizə qazandırdığı dəyərlərin mahiyyətindən danışıb. Bildirilib ki, tədbir özfəaliyyət qruplarında istedadlı gənclərin aşkarlanması, qiymətləndirilməsi və tanıdılmasını yönündə ölkədə keçirilən mütərəqqi və əsas tədbirlərdən biridir. Eyni zamanda, tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin gənclərin bədii-estetik zövqünü inkişaf etdirmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadların üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından önəmli rola malikdir.

Tədbir “Cəngi” nağaraçalanlar ansamblı, Qədim xalq çalğı alətləri ansamblı və rəqs kollektivinin ifasında rəngarəng çıxışlarla davam edib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov çıxış edərək beş kateqoriyada fərqli və zəngin təqdimatların yer aldığı müsabiqə mərhələsi haqqında məlumat verib.

Sonra müsabiqəyə start verilib. Milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz, rəqs kateqoriyalarında iştirakçıların təqdimatı izlənilib. Tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyalar, solo ifaçılar, bədii qiraətçilər, həvəskar rəqqas və musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri çıxışlarında bacarıqlarını nümayiş etdiriblər.

Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr may ayında yekun konsertdə iştirak hüququ qazanırlar.

Müsabiqə mərhələsindən sonra münsiflər heyətinin üzvləri Xalq artistləri Mübariz Tağıyev, Təranə Muradova, Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Arslan Növrəsli tələbələr üçün ustad dərsi keçiblər.

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.