Sosial

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub


Gəncədə Yəhudi dini icmasının təşkilatçılığı ilə Pesax bayramına həsr olunmuş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb.

Tədbirdə DQİDK-nin Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Yəhudi icmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus pravoslav kilsəsinin baş keşişi Varfolomey Sotnikov, şəhid ailələri, müharibə veteranları, Yəhudi dini icmasının üzvləri və müxtəlif din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir. Bayram günlərində müxtəlif dini ayinlər icra olunur və xüsusi süfrə təşkil edilir. Bayram süfrəsində əsas yer tutan təam – “matsa” (şit fətir) Pesaxın simvolu hesab olunur. Süfrədə həmçinin yeddi növ göyərti və yeddi növ təam yer alır: matsa, haroset (matsayla yeyilən qoz, fındıq və ya xurma qarışığından hazırlanan şirniyyat), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması və kiduş (üzüm şirəsi).