Britaniya ixrac üçün 26 milyard dollarlıq maliyyə paketi açıqlayıb
Böyük Britaniya ixracatçıları ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarından təsirlənən şirkətləri dəstəkləmək məqsədilə 20 milyard funt sterlinq (təxminən 26 milyard dollar) əlavə maliyyə vəsaiti ayıracaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu addımın məqsədi qlobal ticarətin yeni mərhələsində Britaniya şirkətlərinə sabitlik və əminlik verməkdir. ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq olunan yeni tariflər Britaniya şirkətləri üçün yeni rejimlə bağlı qeyri-müəyyənliyi daha da artırıb. ABŞ Britaniyadan idxal olunan polad, alüminium və avtomobillərə 25 faiz rüsum, digər məhsulların böyük əksəriyyətinə isə 10 faiz əsas tarif tətbiq edir.
Britaniya hökuməti bildirib ki, bu maliyyələşdirmə artımı “UK Export Finance” (UKEF) qurumunun kredit imkanlarını 80 milyard funt sterlinqə çatdıracaq. Bu vəsaitin 10 milyard funt sterlinqi isə qısamüddətli dövrdə rüsumlardan ən çox təsirlənən şirkətlərin dəstəklənməsi üçün ayrılacaq.
“Müasir dünya dəyişir və bu səbəbdən də dünya səviyyəli şirkətlərimizi dəstəkləmək və qarşıdakı çətinlikləri aşmaları üçün onlara yardım etmək hər zamankından daha vacibdir”,- deyə maliyyə naziri Reyçel Rivz bildirib.
Paket çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə 2 milyon funt sterlinqə qədər kredit imkanı da təqdim olunacaq.