Ukraynaya “Taurus” raketlərinin verilməsinin lehinə və əleyhinə arqumentlər var
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya “Taurus” tipli uzaqmənzilli raketlərin mümkün tədarükü ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. SİA “Ştern” nəşrinə istinadla xəbər verir ki, nazir bu barədə üzvü olduğu Sosial Demokrat Partiyasının (SPD) Hannoverdə keçirilən tədbirində çıxış edərkən deyib. “Taurus”un verilməsi və istifadəsi üçün yaxşı arqumentlər mövcuddur. Lakin buna qarşı da bir çox əsaslı arqumentlər var”, – deyə B.Pistorius qeyd edib.
O, həmçinin bəzi iddiaları rədd edərək, “gizli şəkildə bu tədarükün tərəfdarı olduğunu heç vaxt demədiyini” bildirib.
Qeyd edək ki, Almaniyanın ehtimal olunan gələcək Kansleri, Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts Ukraynaya “Taurus” raketlərinin göndərilməsinin mümkünlüyünü ifadə edib. F.Merts bu addımın yalnız avropalı tərəfdaşlarla razılaşdırılaraq atılacağını vurğulayıb və Böyük Britaniya, Fransanın artıq Ukraynaya oxşar raket sistemləri verdiklərini xatırladıb.
B.Pistorius isə F.Mertsin rəhbərlik edəcəyi mümkün koalisiya hökumətində də müdafiə naziri postunu saxlaya biləcəyi ehtimalına baxmayaraq, bu məsələyə ehtiyatla yanaşdığını bəyan edib. O, belə bir sistemə sahib olan heç bir Avropa tərəfdaşı tanımadığını vurğulayıb.
Xatırladaq ki, Böyük Britaniya Ukraynaya “Storm Shadow”, Fransa isə onun eyni tipli versiyası olan “Scalp” raketlərini göndərib. Hər iki sistemin uçuş məsafəsi 250 kilometrdən çoxdur. Almaniyanın “Taurus” raketləri isə 500 kilometrlik uçuş məsafəsinə malikdir.
Rusiya tərəfi F.Mertsin açıqlamasından sonra bu silahın tədarükünün Ukrayna ilə müharibədə “eskalasiyaya” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.