Zərifə Əliyeva-ləyaqət və dəyanət simvolu
15 Aprel – Azərbaycan qadınının bariz siması, nümunəvi bir timsalı olan Zərifə xanım Əliyevanın növbəti anım günüdür. Biz Zərifə xanımı hər zaman böyük ehtiramla, sevgi ilə anırıq. O, sözün əsl mənasında həm sağlığında, həm də vəfatından sonra Azərbaycan qadınının simvoluna çevrilmişdir.
Zərifə xanım nümunəvi davranışı, elmi fəaliyyəti, insanlara münasibəti, mərhəməti ilə çox fərqli bir qadın obrazı yarada bilmişdir. Onun taleyinə, bəlkə də, dünya tarixində hər qadına nəsib olmayacaq qədər dəyərli bir bioqrafiya yazılıb. Bu da təsadüfi deyil. Zərifə xanım Azərbaycanın görkəmli siyasi xadimi Əziz Əliyevin ailəsində dünyaya gəlib. Daha sonra isə Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olub. O, həmçinin bugünkü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anasıdır.
Bir qadının taleyində üç lider kişinin – ata, həyat yoldaşı və oğulun yer alması hər kəsə nəsib olan bir xoşbəxtlik deyil. Bu, həm də böyük məsuliyyət və cavabdehlikdir. Hər birimiz bilirik ki, siyasət yolu heç də hamar deyil, burada həm enişlər, həm də qalxışlar olur. Bu çətin yolda Zərifə xanım hər zaman həmin liderlərlə birlikdə çiyin-çiyinə irəliləyib, onların yanında olub. Eyni zamanda öz üzərində çalışıb, təhsil alıb, elmi fəaliyyətini davam etdirib, ləyaqətli bir şəxsiyyət kimi formalaşıb. O, böyük alim, gözəl müəllim, ziyalı bir qadın, əvəzsiz ana, sevimli ömür-gün yoldaşı və qayğıkeş övlad olub. Bütün bu keyfiyyətləri bir insanda cəmləşdirmək və bir qadın timsalında təmsil olunmaq böyük bir xoşbəxtlik və cəsarətdir. Bu gözəl xüsusiyyətlərin hər birini biz Zərifə xanımda görürük. O, bu gün də örnək bir Azərbaycan xanımı kimi yaddaşlardadır.
Çox maraqlıdır ki, Zərifə xanımın ailəsinə gəlin gələn Mehriban xanım Əliyeva da bu ocağın ənənələrini davam etdirərək həm Azərbaycan, həm də dünya qadınının simvoluna çevrilməyi bacarıb. Bu gün Mehriban xanımın hər bir əməlinə, atdığı hər addıma nəzər salanda həm Mir Cəlal Paşayev nəslinin davamçısı, həm də gəldiyi Əliyevlər ocağının ənənələrini yaşadan bir sima kimi çıxış etdiyini görmək mümkündür. Bu günlərdə biz Zərifə xanım Əliyevanı bir daha böyük ehtiramla yad edirik. Onun əziz ruhu qarşısında baş əyir, nurlar içində yatsın, deyirik və arzu edirik ki, bütün qızlarımızda, xanımlarımızda Zərifə xanım Əliyeva ləyaqəti, Zərifə xanım Əliyeva dəyanəti olsun.
Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini