ADY gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.
SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, səhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.
Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb. Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək.