“Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır”
“Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü öz əksini tapır. Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır. Dil başqa bir mədəniyyətə açılan pəncərədir. İkinci və üçüncü dil öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk etmək deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Nəsimi Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.
Onun sözlərinə görə, xarici dil öyrənmək diqqətin cəmləşdirilməsini formalaşdırır: “Belə ki, insan hər hansı xarici dilin qaydalarını, həmin dildəki yeni sözləri öyrənmək üçün fikrini cəmləşdirməli olur. Hər gün daimi olaraq ən azı 30 dəqiqə xarici dil öyrənməyə vaxt sərf edən insanda diqqət cəmləşdirmək vərdişi yaranır. Beləliklə, dil öyrənmək diqqət yayınmasının qarşısını alır.
Çoxdilli insanlar, adətən, bildikləri dillərdən şəraitə uyğun olaraq, yəni məişətdə daha çox ana dilindən, I dildən, rəsmi yerlərdə isə digər dildən istifadə edirlər. Qloballaşan dünyada ikidillilik dövrün başlıca tələbidir. Lakin bununla yanaşı, milli dilləri də qorumaq və inkişaf etdirmək vacibdir”.
Təranə Şükürlü qeyd edir ki, dili öyrətmək üçün onu sevmək lazımdır: “Dil vasitəsilə biz dünya qapılarını üzümüzə açır, müxtəlif mədəniyyətlərlə tanış olur, sivilizasiyaları tədqiq edirik. Dil bizi bir-birimizə bağlayır. Müxtəlif xalqların, millətlərin nümayəndələri bir-birilə dil vasitəsilə ünsiyyət qurur, əlaqə yaradır, dostlaşır”.
Dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Hər bir şəxs dünya mədəniyyətinə dil vasitəsilə bələd olur. Dil insanları bir-birinə bağlayır. Dilimizin nüfuzunu daha da artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq.
Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi vətənimiz kimi qorumalıyıq və sevməliyik”.