İqtisadiyyat

Azərbaycanın vergi orqanlarına I rübdə 128 minə yaxın müraciət daxil olub


Bu ilin I rübündə Azərbaycanda vergi orqanlarına ümumilikdə 127 652 müraciət daxil olub. SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 96 %-i ərizə, 3,9 %-i şikayət, 0,1 %-i təklif olub, 107 müraciətin icrası nəzarətə götürülüb.

Müraciətlərin 94,3 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 5,7 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 52,4 %-i barədə müvafiq izahat verilib, 46,3 %-i həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 1 113 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.

I rübdə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 202, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 6 vətəndaşı qəbul edib. Qəbul zamanı onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.