Siyasət

“Dövlətlərarası münasibətlər yüksək səviyyədədir”


“Məlum olduğu kimi Azərbaycan və Gürcüstan bu gün Cənubi Qafqazın 2 suveren, müstəqil siyasət yürüdən ölkəsi olaraq həm də dərin əlaqələrə, köklərə, qardaşlıq bağlarına malikdirlər. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan dostluğunun təməlində xalqların əsrlər boyu formalaşmış dostluq və qardaşlıq əlaqələri dayanır. Bu gün isə həmin əlaqələrə söykənən iki dövlətin əməkdaşlığı yeni mərhələyə qədəm qoyub”. Bunu SİA-ya açıqlamasında politoloq Nadir Azəri deyib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi də iki dövlət arasındakı münasibətlərin dərinliyinə və səmimiliyinə işarə edir: “Səfər çərçəivəsində iki dövlət başçısının mətbuata bəyanatlarında da qeyd edildiyi kimi dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir”.

Nadir Azəri bildirib ki, Gürcüstan və Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin olması üçün hər zaman səylər göstərib.

O qeyd edib ki, Gürcüstan və Azərbaycan bir məsələdə də həmrəylik nümayiş etdirir: “Söhbət müstəqil, milli maraqlara əsaslana siyasət yürütmək, xarici imperialist güclərin Cənubi Qafqazı öz təsir dairəsinə çevirməsinə yol verməməkdən gedir. Yeri gəlmişkən, Gürcüstan Prezidenti Mixeil Kavelaşvil Bakıdakı bəynatında bu məqama xüsusi olaraq toxunub. O, bəyan edib ki, “çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar”. Əslində, bu fikirləri Gürcüstan-Azərbaycan əməkdaşlığının yeni dönəmi üçün bir çağırış kimi də dəyərləndirmək olar”.

“Ümumilikdə, prezidentlərin mətbuata bəyanatlarında da bəyan edildiyi kimi zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək” deyə, N.Azəri əlavə edib.

Ayşən Vəli