Ramin Məmmədov Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakının Xəzər rayonundakı Mir Mövsüm Ağa, Pir Həsən ziyarətgah kompleksləri və Suraxanı rayonunun Bülbülə qəsəbəsi “Məhəmməd Sadiq” ziyarətgahında olub. SİA-nın xəbər verir ki, ziyarətgahlarda yaradılan şəraitlə tanış olan Dini Komitənin sədri dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barəsində danışıb.
Onun sözlərinə görə, Azərbaycanda heç bir fərq qoyulmadan müxtəlif dini icmalara, onlara məxsus ibadət yerlərinə diqqət və qayğı göstərilir, Prezident İlham Əliyev tərəfindən hər il dini qurumlara maliyyə yardımı ayrılır.
R.Məmmədov ölkədəki multikulturalizm və tolerantlıq ənənlərinin milli həmrəyliyin formalaşmasında mühüm rol oynadığını bildirib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini vurğulayan Dini Komitə sədrinin sözlərinə görə Fondun təşəbbüsü ilə dini ibadət yerlərinin, ziyarətgahların bərpası və qorunması istiqamətində bir çox uğurlu layihələr həyata keçirilir.
Görüşlərdə iştirak edən din xadimləri Azərbaycanda dini etiqad azadlığının təmin olunması üçün hər cür şəraitin yaradıldığını, məscid, kilsə, sinaqoq, ziyarətgahların təmiri və bərpasının diqqətdə saxlanıldığını vurğulayıblar. Onlar dini dəyərlərin qorunması və inkişafına göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdar olduqlarını bildiriblər.