Dünya

Rusiya əsgərini “könüllü təslim olduğu” üçün həbs edib…




Hökm Yujno-Saxalinska çıxarılıb…



…Rusiyada Yujno-Saxalinsk Qarnizonu Hərbi Məhkəməsi işğalçıya “könüllü təslim olmaq” ittihamı ilə hökm çıxarıb. O, 15 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb.

SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Deməli, “köhnə” hərbçi Roman İvanişin təslim olma, növbəti təslim cəhdi və fərarilik maddələri ilə təqsirli bilinib.

O həmçinin, kiçik çavuş hərbi rütbəsindən məhrum edilib.

…Müzakirələr zamanı prokuror İvanişinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi də öz növbəsində işğalçının ittiham olunduğu cinayətlərin sübuta yetirilmədiyini bildirərək ona bəraət verilməsini istəyib. İvanişin isə günahını etiraf etməyib.

Nədir məsələ?

Deməli, İvanişin əvvəllər mədən ustası işləyib və sonradan orduya çağırılıb. O, Donetsk vilayətində 39-cu Əlahiddə Qvardiya Motoatıcı Briqadasında xidmət edib və 2023-cü il iyunun 10-da Ukrayna əsgərləri tərəfindən əsir götürülüb. Əsir götürüldükdən sonra yayılan videoyazıda İvanişin digər rus əsgərlərini bölmələrini tərk etməyə çağırıb və ümumiyyətlə, müharibə əleyhinə çıxış edib.

…Və 2024-cü ilin yanvarında o, digər 248 rusiyalı hərbçi ilə birgə mübadilə edilib və bundan sonra onun haqqında cinayət işi açılıb.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, bu, Ukrayna Silahlı Qüvvələrinə könüllü təslim olma ilə bağlı hökm çıxarılan ilk məlum cinayət işidir.

Yeri gəlmişkən, müvafiq maddə Rusiya Cinayət Məcəlləsinə hələ 2022-ci ildə, genişmiqyaslı müharibə başlayandan qısa müddət sonra əlavə edilib.

Əli Babayev