“Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir”
“Türkiyə bu gün dünya miqyasında iqtisadi və siyasi proseslərə təsir göstərə biləcək önəmli bir dövlətdir. Bu baxımdan, Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq forum qlobal səviyyədə baş verən proseslərə qiymət vermək, təhlil aparmaq və çıxış yolları göstərmək məqsədi daşıyırdı. Forumda dünyanın müxtəlif ölkələrindən siyasi, dövlət və ictimai xadimlər iştirak etsələr də, bəzi Qərb ölkələrinin, xüsusilə Avropa İttifaqı nümayəndələrinin bu tədbirdə iştirak etməməsi Türkiyənin yüksələn nüfuzuna qarşı müəyyən qısqanclıq əlaməti kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir: “Türkiyə ilə Azərbaycanın sıx birliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində getdikcə daha da güclənən əməkdaşlıq və inteqrasiya “Turan İttifaqı” ideyasının reallaşmasına real zəmin yaradır. “Bir millət, iki dövlət” fəlsəfəsi ilə Türkiyə və Azərbaycan öz mövqelərini beynəlxalq platformalarda birgə şəkildə ifadə edir və bir-birini dəstəkləyir.
Türkiyənin Suriyada sülh və sabitliyin təmin olunmasında oynadığı rol əvəzsizdir. Bu konteksdə Suriya Prezidenti ilə Azərbaycan Prezidentinin görüşü də qeyd olunmalıdır. Azərbaycanın Suriyanın yenidən qurulması prosesində iştirakı, ölkəmizin beynəlxalq proseslərdə fəallığını və mövqeyini bir daha göstərir. Prezident İlham Əliyevin Antalya forumunda iştirakı və orada səsləndirdiyi fikirlər Azərbaycanın qlobal siyasi gündəmdə aktiv oyunçuya çevrildiyini sübut edir.
Türkiyə həmçinin Avropanın enerji təhlükəsizliyində də əsas açar ölkəyə çevrilib. TANAP və Orta Dəhliz kimi nəhəng layihələr Türkiyə üzərindən keçərək regionun və Avropanın enerji və logistika xəritəsində mühüm rol oynayır. Bu layihələrdə Azərbaycanın iştirakı da ölkəmizin strateji əhəmiyyətini daha da artırır”.
Politoloq bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Yurdda sülh, cahanda sülh” fəlsəfəsi, həmçinin “Dünya beşdən böyükdür” çağırışı, beynəlxalq sistemdə ədalətsizliklərə qarşı çıxışın simvoluna çevrilib: “Bu fikirlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dünyadakı problemləri ədalətli şəkildə həll edə bilməməsi fonunda aktuallığını qoruyur.
Dünya çoxqütblü sistemə doğru irəliləyir. Ukrayna-Rusiya münaqişəsi də göstərdi ki, mövcud beynəlxalq sistem artıq ədaləti təmin edə bilmir və güc əsas meyara çevrilib. Belə bir şəraitdə Türkiyə və Azərbaycan birliyi, regional və qlobal səviyyədə balanslaşdırıcı güc olaraq çıxış edə bilər. Nəticə etibarilə, Türkiyə-Azərbaycan birliyi yalnız regional maraqlarla deyil, həm də beynəlxalq siyasətə təsir etmək məqsədi daşıyır. Bu birlik “bir millət, bir ittifaq” anlayışı əsasında formalaşaraq gələcəkdə “Turan İttifaqı” modelinin lokomotivi ola bilər. Bu proses qarşısıalınmazdır və yaxın gələcəkdə Türk Dünyasının birliyi dünya siyasətində yeni güc mərkəzi kimi öz sözünü deyəcəkdir”.