Üsyançılar Sudanda “paralel hökumət” yaratdıqlarını elan ediblər
Üsyançı Çevik Dəstək Qüvvələrinin lideri Məhəmməd Həmdan Deqlu (Həmidti) Sudanda paralel “Sülh və birlik hökuməti”nin yaradıldığını elan edib. SİA “əş-Şarq əl-Avsət” saytına istinadla xəbər verir ki, silahlı qruplaşma “siyasi xartiya və keçid konstitusiyası” imzalayıb. Yeni sistemə əsasən, Sudanın bütün regionlarını təmsil edən 15 nəfərdən ibarət Prezident Şurası da təsis ediləcək.
Qeyd edilməlidir ki, Sudanda 3 il davam edən vətəndaş müharibəsi nəticəsində on minlərlə insanın öldüyü bildirilir. Yüz minlərlə insan aclıqla üzləşib. 13 milyon nəfər qaçqın və köçkünə çevrilib.
Üsyançı Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində Zəmzəm və Əbu Şuk məcburi köçkün düşərgələrinə 4 gün davam edən hücumu nəticəsində 450 nəfər həyatını itirib. Mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələrin son günlər əl-Faşir bölgəsinə hücumu isə on minlərlə sakinin evlərini tərk etməsinə səbəb olub.