Britaniya hökuməti Aİ-dən pendir və ət məhsullarının gətirilməsini qadağan edib
Böyük Britaniya hökuməti Avropada yayılan dabaq xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq məqsədilə Avropa İttifaqından (Aİ) pendir və ət məhsullarının gətirilməsinə müvəqqəti qadağa tətbiq edib. SİA “BBC”yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən şənbə günündən etibarən Aİ ölkələrindən səyahət edən şəxslərin özü ilə kolbasa, pendir kimi məhsulları, o cümlədən bu məhsullarla hazırlanmış sendviçləri Britaniyaya gətirməsinə icazə verilmir. Qadağa, məhsulların qablaşdırılmış və ya açıq olmasından asılı olmayaraq tətbiq edilir, hətta “duty free” mağazalarından alınan məhsullar da bu siyahıya daxildir.
Bu addım Almaniya, Macarıstan, Slovakiya və Avstriyada dabaq xəstəliyinin artan halları fonunda həmin ölkələrdən ət və süd məhsullarına qarşı əvvəlki qadağaların genişləndirilməsi ilə əlaqədardır.
Qadağalar yalnız Böyük Britaniyaya (İngiltərə, Şotlandiya və Uels) gələn səyahətçilərə aiddir və Şimali İrlandiyanı əhatə etmir. Məhdudiyyətləri pozaraq belə məhsulları ölkəyə gətirməyə çalışan şəxslərin məhsulları müsadirə edilərək məhv ediləcək. Ağır hallarda isə 5 min funt-sterlinqədək cərimə tətbiq oluna bilər.