Toyda artıq qalan yeməklərin sonrakı aqibəti necə olur?
“Toy sahibləri tez-tez mənə şikayət edirlər ki, toydan qalan yeməklər onlara verilməyib”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Halbuki, onlar toyxana sifariş verərkən elə düşünürlər ki, hər şey onların tələblərinə uyğun təşkil olunacaq və xidmətin məqsədi məhz toyun yaxşı keçməsini təmin etməkdir. Ancaq reallıq tam fərqlidir. Toyxanalarda hər şey elə bir sistemlə qurulub ki, əsas məqsəd insanların mümkün qədər tez məkanı tərk etməsidir.
Ofisiantlar elə xidmət göstərirlər ki, görünüşdə hər şey qaydasındadır, amma əslində yeməklər tez bir zamanda lazımi yerlərə toplanır. Bu proses çox incəliklə həyata keçirilir və toy sahibinin bundan xəbəri olmur. Nəticədə toy başa çatdıqda, ona yalnız hər yeməkdən bir boşqab təqdim olunur. Qalan içkilər və saxlana biləcək məhsullar isə başqa günlərə saxlanılır. Halbuki, bəzi salatların və yeməklərin saxlanılma müddəti 4 saatdan artıq deyil.
Toyxanalar sanitar-gigiyenik qaydalara ən az əməl olunan yerlərdən biridir. Çünki onlar fəaliyyətə başladığı vaxtda müvafiq dövlət orqanları evdə istirahət edir. Belə şəraitdə toyxanalarda yeməklərin keyfiyyəti və mətbəxin durumu tamamilə qeyri-şəffaf olur. Toy sahibi isə başı tədbirə qarışdığından bu məsələlərdən tam xəbərsiz qalır. Beləcə, proses sistemli şəkildə idarə olunur, amma toy sahibi oyundan kənarda qalır.
Bütün bu problemlərin kökündə dayanan əsas məsələ odur ki, bu sahədə tələb təklifi üstələyir. Tələb çox olduqda isə keyfiyyətsiz xidmət, istehlakçının aldadılması və şəffaflığın pozulması qaçılmaz olur.
Məsələnin digər tərəfi isə vergi nəzarəti ilə bağlıdır. Mən demirəm ki, toyun sonunda ödənilən böyük məbləğlər üçün kassa çeki verilmir — amma bu, vergi orqanlarının diqqət mərkəzində olmalıdır. Toydan sonra qalan yeməklərin aqibəti bilinmədiyindən, ehtimal olunur ki, onlar digər yığıncaqlarda yenidən istifadə olunur.
Bu sahədə mövcud problemlərdən biri də qanuni tənzimləmələrin olmamasıdır. Toyxanalarla müştərilər arasında bağlanan rəsmi bir müqavilə forması yoxdur. Halbuki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müqavilə nümunəsi olmalıdır. Bu müqavilədə aşağıdakı məsələlər qeyd edilməlidir:
-Toydan qalan yeməklərin toy sahibinə könüllü olaraq təhvil verilməsi
-Toy sahibinin mətbəxə nəzarət imkanları
-Qalan yeməklərin son aqibətinin toy sahibi tərəfindən müəyyən olunması
Təəssüf ki, belə bir müqavilə forması olmadığı üçün bu tipli ciddi problemlər davam edir.
Nəticə olaraq, bu məsələ təkcə istehlakçı hüquqları ilə bağlı deyil, həm də cəmiyyətin mədəni düşüncə tərzinin nəticəsidir. Təəssüf ki, bizdə valideynlərin övladları ilə bağlı ən böyük arzusu “onun toyu”nu görmək olur. “Səni dünyanın ən məşhur universitetində görmək istərdim” düşüncəsi arxa plandadır. Bu düşüncə dəyişməyincə, toyxana biznesindəki mövcud vəziyyət də dəyişməyəcək”.
Ayşən Vəli