“Azərkosmos” hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq
Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə (“Azərkosmos”) apardığı auditin nəticələri əsasında bir sıra hüquq pozuntuları ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflər irəli sürüb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bildirilir.
Palata vergi qanunvericiliyinin və dövlət satınalmaları qaydalarının pozulması ilə bağlı audit tapıntılarının aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilməsini təklif edib.
Eyni zamanda, Agentliyin və onun İdarə Heyətinin səlahiyyətlərini icra etməməsi halları ilə bağlı Nazirlər Kabinetinə məlumat göndərilməsi məqsədəuyğun hesab olunub. Cari auditor hesabatının “Azərkosmos”a təqdim edilməsi, audit nəticələri barədə Milli Məclisə məlumat verilməsi də təkliflər sırasındadır.
Hesablama Palatası Kosmik Agentlikdən “Hesablama Palatası haqqında” qanunun 27.7-ci maddəsinə uyğun olaraq, audit hesabatında göstərilən nöqsanların aradan qaldırılması, məsul şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi və görülmüş işlər barədə 1 ay müddətində məlumat verilməsini tələb edib.
Palatanın audit zamanı müəyyən etdiyi maliyyə pozuntuları və onların aradan qaldırılması üçün Kosmik Agentlik qarşısında irəli sürdüyü əsas tələblər bunlardır:
– 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində çadırların istehsalı və montaj xidmətlərinə görə 26,5 min manat ƏDV-nin hesablanaraq dövlət büdcəsinə ödənilməsi;
– 2022–2023-cü illərdə alınmış xidmətlərlə bağlı 46,3 min manatlıq əvəzləşdirilmiş ƏDV-nin büdcəyə qaytarılması;
– 132,2 min manatlıq dəyəri olan aktivlərin inventarizasiyası və uçota alınması;
– Kosmik fəaliyyətə dair hazırlanmış 13,5 min manatlıq videoçarxın qeyri-maddi aktiv kimi uçota alınması;
– İşçilərə mükafat olaraq normadan artıq verilmiş 24,6 min manatın bərpası;
– Monitorinq, təlim və SƏTƏM xidmətlərinə görə artıq ödənilmiş 23,5 min manatın geri qaytarılması;
– Konqresin bağlanış mərasimi üçün normadan artıq xərclənmiş 39 min manatın və hədiyyələrə görə ayrılmış 154,1 min manatın dövlət büdcəsinə bərpa edilməsi.