Siyasət

Ceyhun Bayramov Əhməd Metani ilə görüşüb.



Azərbaycanın xarici işlər naziri Fələstin səfiri ilə Yaxın Şərqdə, xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə edib



Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metani ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfir Əhməd Metani etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfir Əhməd Metanini təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərqdə, o cümlədən Qəzzada təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional sülh və quruculuq səyləri müzakirə olunub.

Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə də siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin mövcudluğu qeyd edilib.

Tərəflər Yaxın Şərqdə, xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.

Ölkəmizin münaqişədən əziyyət çəkən dost Fələstin xalqının humanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi yardımlar minnətdarlıqla qeyd olunub.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə dönəmində, həmçinin qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.

Əhməd Metani görüşə görə təşəkkür edib, Fələstinin Azərbaycandakı səfiri təyin edilməsinin qürurverici olduğunu, bundan sonra da səfir qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.