Siyasət

“Böyük Qayıdış Azərbaycanın regional liderliyini möhkəmləndirir”


“44-günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz qələbəmiz müasir Azərbaycanın tarixində dönüm nöqtəsi hesab olunan ən mühüm hadisədir. Tarixi zəfərimizi təcəssüm etdirən başlıca məqamları nəzərdən keçirərkən çox qısa müddətdə böyük işlərin həyata keçirildiyi “Böyük Qayıdış” proqramı mütləq şəkildə qeyd edilməlidir.

Bu proqram yalnız məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına qayıdışını deyil, həmçinin dövlətin uzunmüddətli strateji məqsədlərinə xidmət edən genişmiqyaslı planını əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, belə ki, sosial və iqtisadi tədbirlərlə paralel olaraq Böyük Qayıdış proqramının daxili və xarici siyasətə təsirləri xüsusilə nəzərdən keçirilməlidir: “İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu proqram milli birliyimizi simvolizə etməklə sosial ədalətin bərpasına xidmət edir. Uzun illər məcburi köçkün həyatı yaşayan yüz minlərlə insan üçün doğma torpaqlarına, yurd-yuvasına qayıdış arzusu artıq reallığa çevrilib.

Təbii ki, bütün bu addımlar cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəyliyi gücləndirir, vətəndaşların dövlətə olan inamını artırır. Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda infrastrukturun yenidən qurulması, eləcə də yolların, məktəblərin, xəstəxanaların və digər obyektlərin inşası Azərbaycanın balanslı inkişaf modelinin uğurlu tətbiqini təcəssüm etdirir. Eyni zamanda, Qarabağda kənd təsərrüfatının və turizmin inkişafı ölkənin iqtisadiyyatında qeyri-neft sektorunun payını artırmaq üşün önəmli imkanları özündə ehtiva edir”.

Politoloq qeyd edir ki, digər tərəfdən isə Böyük Qayıdış proqramı Azərbaycanın regional və beynəlxalq nüfuzunu müstəsna şəkildə artıran önəmli hadisə olaraq qeyd edilməlidir:

“Müharibədən yeni çıxmış bir dövlətin bu qədər böyük layihəni qısa müddətdə uğurlu şəkildə həyata keçirməsi təbii olaraq dünya dövlətlərinin diqqət mərkəzinə çevrilən hadisəyə çevrilib. Paralel olaraq Qarabağın və ətraf rayonların yenidən qurulması prosesində iştirak edən tərəfdaşlarımızla etimada əsaslanan əməkdaşlığımız genişləndirilir. Onu da mütləq şəkildə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə mülki həyatın qurulması və sabitliyin təmin olunması Azərbaycanın regional sülhquruculuğu prosesinə verdiyi ən önəmli töhfələrdən biridir.

Ümumilikdə isə Böyük Qayıdışımız Azərbaycanın regional liderliyini möhkəmləndirərək Cənubi Qafqazda sülh və inkişaf təşəbbüslərinin mərkəzinə çevrilməsinə şərait yaradır. Nəticə etibarilə, Cənab Prezidentin rəhbərliyində bu proqramın uğurlu şəkildə həyata keçirilməsi və Qarabağın dirçəlişi Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyinin, həmçinin daha güclü, dayanıqlı və nüfuzlu bir dövlət kimi öz mövqeyini möhkəmləndirməyə davam etdiyinin bariz nümunəsidir”.