İqtisadiyyat

“Ətraf mühiti qorumaq təkcə dövlətin yox, hər bir insanın borcudur”


“XXI əsrin ən böyük qlobal problemlərindən biri iqlim dəyişikliyidir. Bu, yalnız bir ölkənin deyil, bütün dünyanın ortaq dərdidir. İqlim dəyişikliyi ilə mübarizə artıq bütün dövlətlərin gündəliyində əsas yer tutmaqdadır. 2024-cü ildə Azərbaycanda keçirilmiş COP29 tədbiri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq konfransda mühüm qərarlar qəbul olundu və bir çox qlobal ekoloji problemlərə diqqət çəkildi”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil: “Bu, ölkəmizin ekologiya sahəsində atdığı addımların və beynəlxalq səviyyədə gördüyü işlərin göstəricisidir. COP29 həm də Azərbaycanın yaşıl enerji keçidinə sadiqliyinin bariz nümunəsi oldu.

Uzun illər Ermənistan tərəfindən işğalda saxlanılmış torpaqlarımızda ekoloji baxımdan böyük fəlakətlər törədilib. Bu gün həmin ərazilər minalardan təmizlənir, eyni zamanda ekoloji baxımdan bərpa olunur. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan bölgələri yaşıl enerji zonası elan olunaraq, orada günəş və külək enerjisi ilə bağlı layihələr həyata keçirilir. Azərbaycan artıq bir neçə aparıcı dövlətlərlə bu sahədə əməkdaşlıq müqavilələri imzalamışdır. Bütün bu addımlar ölkəmizin ekoloji məsuliyyətini və beynəlxalq nüfuzunu artırır.

Lakin problemlər yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır. Böyük şəhərlərdə, xüsusilə də Bakı kimi metropollərdə nəqliyyat sıxlığı və çirklənmə də ciddi ekoloji problemlər yaradır. Havanın çirklənməsi, səs-küy, tullantıların idarə olunması kimi məsələlər də diqqət mərkəzindədir. Bu səbəbdən son illər ərzində elektrikli avtobusların gətirilməsi, şəhərdaxili yaşıllıqların artırılması və parkların salınması kimi mühüm addımlar atılır”.

İradə Həsənova bildirir ki, ətraf mühitin mühafizəsində yalnız dövlət deyil, vətəndaş da aktiv rol oynamalıdır: “Plastik tullantıların dənizlərə və təbiətə atılması yalnız təbiətə deyil, həm də insan və heyvan həyatına təhlükə yaradır. Alimlər Ozon təbəqəsinin qorunması ilə bağlı mühüm işlər görür və vəziyyəti sabitləşdirməyə çalışırlar. Ancaq bu cür qlobal məsələlərin həlli yalnız elm adamlarının və hökumətlərin deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

Maarifləndirmə işləri genişləndirilməli, insanlar ətraf mühitin qorunması üçün maarifləndirilməlidir. Vətəndaşlar bilməlidirlər ki, ətraf mühiti qorumaq təkcə dövlətin yox, hər bir insanın borcudur. Əgər hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etsək, iqlim dəyişikliyi ilə mübarizədə ciddi irəliləyiş əldə edə bilərik.

Bu baxımdan Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərini yerinə yetirən və hətta bu sahədə liderliyə can atan dövlətlərdən biridir. COP29 kimi mühüm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi də bunun ən parlaq sübutudur”.

Müəllif: Günel Fərzəliyeva