İqtisadiyyat

Şəxsi avtomobil, ictimai nəqliyyat, yoxsa taksi?


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun SİA-ya müsahibəsini təqdim edirik:

– AYNA fəaliyyətə başladığı dövrdən bu günə kimi nə kimi yeniliklərlə öndədir və gələcək planlar nədən ibarətdir?

– Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sizin üçün yeni qurumdur, amma transformasiyadan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi adlandırıldı. Bundan əvvəl uzun müddət Dövlət Avtomobil Nəqliyyat Xidməti kimi fəaliyyət göstərib. Əhatə dairəsi Bakı şəhərindən kənardakı məsələlərə toxunurdu, əsasən bölgələri, regionları əhatə edirdi. Dövlət başçısının müvafiq fərmanları və sərəncamları ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradıldı. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əhatə dairəsi də genişləndi. Bir il yarım bundan öncə Bakı Nəqliyyat Agentliyi ləğv edildi. Bakı ərazisi də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyət çərçivəsinə daxil oldu. Beləliklə, bizim agentlik Respublika ərazisini əhatə edən bütün məsələlərin həllinə yönəlib. Eyni zamanda burada həm sərnişin daşıma, həm yükdaşıma, parklanma, taksi xidməti və böyük sferanı əhatə edir. Son iki il ərzində daha çox nəzərə çarpan işləri vurğulamaq istərdim. Xidmətlərin rəqəmsallaşması böyük yer tutur. Rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib işlər həyata keçirildi. Biletim.az, “Yolumuz Qarabağa” portalı, “BakıKart” mobil tətbiqi vətəndaşlarımıza rahat və sürətli şəkildə biletləri əldə etməyə, sürətli ödəniş edib ictimai nəqliyyatdan istifadə etməyə imkan verir. AzParking.az mobil tətbiqi rəqəmsallaşmada daha bir yenilikdir ki, vətəndaşlarımız şəxsi nəqliyyat vasitələrini küçə parklama yerlərində saxlayaraq ödənişlərini nağdsız qaydada AzParking mobil tətbiqi üzərindən, yaxud SMS-lə həyata keçirirlər. Eyni zamanda yükdaşıma sahəsində böyük rəqəmsallaşma həyata keçirildi. Bütün xidmətlər elektron portal vasitəsilə bəyan edilir. Sərnişindaşımada son illər böyük irəliləyiş baş verib. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəinki bölgələrdə, Bakı şəhərində avtobus marşrutları geniş şəkildə təhlil olunub. Hazırda bir ildən çoxdur ki, tərəfimizdən avtobus ictimai nəqliyyat şəbəkəsi tətbiq olunur. Bu avtobus şəbəkəsinin xüsusi avtobus zolaqları ilə birgə tətbiqinə başlanılıb. Bilirsiniz ki, Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vətəndaşlara keyfiyyətli, sürətli və təhlükəsiz sərnişindaşımanı göstərmək üçün avtobus zolaqları təşkil edilir. Bu zolaqlar vasitəsilə sərnişinlərimiz maneəsiz, əlavə vaxt itkisinə məruz qalmadan daşınır. Avtobus parkının yenilənməsi də burada böyük rol oynayır. Tərəfimizdən avtobus parkı təhlil edilib. Əfsuslar olsun ki, əsasən Bakı şəhərinin kənd və qəsəbələrinə işləyən avtobusların vəziyyəti qənaətbəxş deyil. İlk növbədə yenilənmə prosesi həmin kənd və qəsəbələrdən başlandı.

– Paytaxtda və şəhərətrafı ərazilərdə müşahidə edilən sıxlıq fonunda avtobus, velosiped zolaqları nə dərəcədə effektlidir?

– Əgər biz keyfiyyətli sərnişindaşımadan danışırıqsa, ilk növbədə ictimai nəqliyyat istifadəçilərinə yönələn xidmətləri vurğulamalıyıq. Biz əgər avtobusları yeniliyiriksə, avtobuslar sıxlıq və tıxacda qalırsa, hansısa keyfiyyətdən söhbət gedə bilməz. Avtobuslar yenilənir. Noyabr ayında Bakıda mötəbər bir tədbir keçirildi. COP29 ərəfəsində Bakıya 100-dən çox elektrikli avtobuslar daxil oldu. Elektrikli avtobuslar ekologiyanı qoruyur, müsbət töhfəsini verir. Həmin avtobuslar ictimai nəqliyyata verildi, vətəndaşlar istifadə edirlər. Gəlin, razılaşaq ki, tıxacda qalan həmin avtobuslardır. Hər hansı razılıqdan söhbət gedə bilməz. Odur ki, avtobus şəbəkəsi tətbiq edilən zaman mütləq qaydada bu məsələyə avtobus zolaqları şəbəkəsi ilə birgə baxmaq lazım idi. Abşeron yarımadasında 40-a yaxın küçə və prospektdə ümumi uzunluğu 110 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edildi. Həmin hərəkət zolaqları ilə bugünkü statistik göstəricilər ilə gün ərzində 900 mindən çox sərnişin daşınır. Əgər sərnişinlər rahat şəkildə A nöqtəsindən B nöqtəsinə danışırsa, biz də ən böyük təşəkkürü vətəndaşlardan alırıq. Bu, bizi işimizdə növbəti mərhələyə keçməyə sövq edir. Zolaqların çəkilməsi davam etdirilir. Küçələrdə geniş təhlillər aparılır. İmkan olan küçələrdə zolaqların çəkilməsini təşkil edirik.

– Bakı-Sumqayıt yolundakı avtobus zolaqları effekt verirmi? Çünki qeyd olunur ki, bu proses onsuz da tıxac problemini daha da artırır.

– Bakı şəhərində kifayət qədər nəqliyyat vasitələri var. Əgər hər birimiz verilişə şəxsi nəqliyyatımızla gəlsəydik, təbii ki, tıxacda qalmaq ehtimalımız daha çox idi. Mən özüm də studiyaya ictimai nəqliyyat vasitəsi ilə gəlmişəm. Mən avtobus və metroya üstünlük verərək daha tez çatdım, şəxsi nəqliyyat vasitəsi ilə saatlarla tıxacda qalacaqdım. Xırdalan, Sumqayıt, Masazırdan daxil olan vətəndaşlar daha çox paytaxtın girişində uzun müddət tıxacla, sıxlıqla rastlaşırlar. Beş zolaqlı yolun bir zolağını ictimai nəqliyyata ayırmaqla biz böyük nəticələr əldə etdik. Bir nəfər bir şəxsi nəqliyyat vasitəsi, bir avtobusda isə ən azı 80 nəfər daşına bilir. Tərəzinin gözünə qoyanda demək, bizim üçün ictimai nəqliyyat istifadəçiləri önəmlidir. Yerüstü Nəqliyyat Agentliyi ilk növbədə həmin sərnişinlər üçün müsbət həll yolu tapıb. Bu gün həmin vətəndaşlar rahat şəkildə paytaxta daxil ola bilirlərsə, deməli, bu, bizim uğurumuzdur.

– Şəhərdəki sorğu və vətəndaşların fikirləri haqqında nə düşünürsünüz?

– Vətəndaşın biri avtobusların köhnə olması və ləng gəlməsi haqqında danışdı. Qeyd edim ki, avtobuslar müəyyən qrafik üzrə hərəkət edir. Eyni zamanda sıxlıq və yaşanan küçələrdə həmin avtobuslar ilişib qalanda ləngimələrə və intervalların pozulmasına gətirib çıxarır. Bəzən vətəndaşlar şikayət edirlər ki, dayanacaqda dayanırıq, avtobus yoxdur, daha sonra gələndə ikisi, yaxud, üçü birdən gəlir. Aydındır ki, avtobuslar bir qrafik üzrə hərəkət edir. Müəyyən bir nöqtədə tıxacla üzləşir, daha sonra bir neçəsi birdən dayanacağa daxil olur. Bu intervalların azaldılması, yığışdırılması avtobus zolaqları şəbəkəsinin genişlənməsi ilə baş verəcək. Vətəndaşlarımız şəxsi nəqliyyat vasitələrinə deyil, daha çox ictimai nəqliyyata üz tutaraq həyata keçiriləcək. Yenilənmə işlərinə toxunmaq istərdim. Avtobusların yenilənməsi mərhələli şəkildə həyata keçirilir. Tərəfimizdən Nazirlər Kabinetinin müvafiq qərarı ilə müsabiqələr təşkil olunur. Ötən gün daha beş şəhərətrafı avtobus marşrutu barədə məlumatı ictimaiyyətə təqdim etdik. Bakı şəhərində əsasən Binə qəsəbəsini və 503 nömrəli Saray-Sumqayıt istiqamətində fəaliyyət göstərən avtobusları müsabiqəyə təqdim etdik ki, yeni daşıyıcılar qoşulsun, müsabiqədə iştirak etsin. Yeni avtobuslarla qalib gələrək xətlərin istismarını həyata keçirsinlər. Hazırda xətlərdə 2345 avtobus vətəndaşlara xidmət edir. Apardığımız təhlil nəticəsində yaxşı sərnişindaşımanı göstərmək üçün 2800-ə yaxın avtobus olmalıdır. Biz bu rəqəmə yaxınıq. Yaxın aylar ərzində daşıyıcılarımız tərəfindən daha 100 elektrik mühərrikli avtobus Bakı şəhərinə gətiriləcək, istismara veriləcək. Vətəndaşın biri piyada gəzməyə üstünlük verir. Piyada infrastrukturun qurulması da bu yaxınlarda dövlət başçısının iştirakı ilə keçirilən müşavirədə piyada infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qarşıya qoyuldu. 2025-2030-cu illər ərzində infrastruktur qurularaq vətəndaşların ixtiyarına veriləcək.

– Saat 7-dən avtobus gözləyən sərnişin deyir ki, 133 nömrəli marşrut gəlir, amma dayanacaqda saxlamır. Bu məsələ ilə bağlı hansısa ölçü götürüləcəkmi?

– Avtobus müəyyən qrafik üzrə hərəkət edir. Təyin olunmuş bütün dayanacaqlarda saxlamalıdır. Elə avtobuslar var ki, onlar üçün təyin olunmuş dayanacaq olmur deyə, həmin avtobuslar orada saxlamır. 133 nömrəli avtobusla bağlı bu fakt varsa, tərəfimizdən araşdırılacaq. Mütləq qaydada daşıyıcıya xəbərdarlıq olunacaq, tərəfimizdən tapşırıq veriləcək. Biz ərazi olaraq da məsələni araşdırarıq. Amma hər bir avtobus istənilən halda, sərnişin düşdü, düşmədi təyin olunmuş bütün dayanacaqlarda saxlamalıdır.