“Bir mənalı olaraq günah piyadadadır”
“Bir mənalı olaraq, bəzi hallarda yol-nəqliyyat hadisəsində günah piyadadadır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, bu “Yol hərəkəti haqqında” qanunda da öz əksini tapıb:
“Həmin qanunvericilikdə piyadaların vəzifələri və onlara tətbiq edilə bilən cərimələr də nəzərdə tutulub. Qəza baş verdikdə Dövlət Yol Polisi və Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmalı, araşdırma aparılmalı və hadisədə kimin günahkar olduğu müəyyən edilməlidir.
Əgər piyada bilərəkdən yol ilə hərəkətdə olan avtomobilin qarşısına çıxırsa, sürücünü çaşdırırsa və qəzanın baş verməsinə səbəb olursa, bu zaman günah məhz piyadadadır və həmin şəxs cərimə oluna bilər. Bu cərimənin məbləği hazırda 20 manatdan 40 manata qədərdir”.
Ekspert bildirir ki, belə halların qarşısını almaq üçün piyadalara tətbiq olunan cərimələrin artırılması məqsədəuyğun olardı:
“Çünki bir çox yol-nəqliyyat hadisələrinin səbəbi məsuliyyətsiz piyadaların davranışlarıdır. Təəssüf ki, bəzən 4, 6, hətta 8 zolaqlı magistral yollarda belə, xüsusilə sutkanın qaranlıq saatlarında piyadaların təhlükəli şəkildə yolu keçmək cəhdlərini görürük.
Bu, həm piyadanın, həm də sürücünün həyatını təhlükəyə atır və ağır nəticəli qəzaların baş verməsinə səbəb olur. Bu səbəbdən piyadalarla bağlı maarifləndirmə və cərimə tədbirləri daha ciddi şəkildə həyata keçirilməlidir”.