İqtisadiyyat

AMB iqtisadi artım proqnozlarını yeniləyib


Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3,3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,7 % böyüyəcəyini proqnozlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Bu ilin yanvar ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,2 % olacağını açıqlamışdı.

Bundan başqa, T.Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,4 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,6 % böyüyəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir ki, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,5 % yox, 3,7 % olacağı gözlənilir.

Sənədə əsasən, iqtisadi artım proqnozu neft-qaz sektoru üzrə 0,5 %-dən 1,2 %-ə qaldırılıb, qeyri neft-qaz sektoru üzrə isə 4,9 % saxlanılıb.

Maliyyə Nazirliyi 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 %, 2028-ci ildə 3,6 %, 2029-cu ildə isə 4,9 % iqtisadi artım gözləyir.

O cümlədən, 2026-cı ildə neft-qaz sektorunda 1,2 % azalma, qeyri-neft-qaz sektorunda 5 % artım, 2027-ci ildə neft-qaz sektorunda 0,3 % azalma, qeyri-neft-qaz sektorunda 5 % artım, 2028-ci ildə neft-qaz sektorunda 1,8 % azalma, qeyri-neft-qaz sektorunda 5,3 % artım, 2029-cu ildə isə neft-qaz sektorunda 4,1 % artım, qeyri-neft-qaz sektorunda isə 5,1 % artım proqnozlaşdırılır.