Azərbaycan Prezidenti Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb. SİA xəbər verir ki, Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd edib.
O bildirib ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını deyib.
Prezident İlham Əliyev də öz növbəsində vurğuladı ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
Dövlət başçısı Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini dedi.
Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.
Son dövrlərdə Çin şirkətlərinin Orta Dəhliz üzrə daşımalarının 80 faizdən çox artdığı diqqətə çatdırılıb, ticarət dövriyyəsinin 20 faiz artımı məmnunluqla qeyd edilib.
Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunulub, bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulandı, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olunub, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulanıb.