“Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən ölkələrdən biridir”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 22-si və 24-ü tarixlərində Çin Xalq Respublikasında dövlət səfərindədir. Bu günləri iki tərəfli münasibətlərimiz özünün ən yüksək səviyyəsindədir. Strateji tərəfdaşlıq münasibətləri və keçən ilin iyul ayının 23-ündə Şanxay Əməkdaşlıq Təşkilatının Astana şəhərində keçirilən 24-cü sammitin də, zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Çin prezidenti Si CİN Pin arasında məhz birgə bəyannamənin imzalanması münasibətlərimizi yüksək səviyyəyə gətirib çıxardır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu günləri iki tərəfli və çox tərəfli münasibətlərimizi inkişafı üçün unikal imkanlar var. Dövlət başçıları və xalqlarımız dostdur. Çünki 2500 il bundan əvvəl hələ Qədim İpək Yolu ilə xalqlarımız arasında əlaqələr olub: “Eyni zamanda dövlətlərimizdə dostdur. Bax bu reallıqlar indiki yüksək Bakı-Pekin münasibətlərinin formalaşmasına gətirib çıxarıb. Siyasi, iqtisadi, humanitar, media, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrimiz inkişaf dinamikasına malikdir. Siyasi dialoq yüksək səviyyədədir. 2014-cü ildə cənab Prezidentin Çinə işgüzar səfəri oldu, 2015-ci ildə dövlət səfəri baş tutdu, 2019-cu ildə növbəti işgüzar səfəri və indi yenidən dövlət səfəri, həm də cənab Prezident Çin prezidenti Sİ Cin Pini Azərbaycana münasib vaxtda dövlət səfərinə dəvət etdi. Bizim siyasi münasibətlərimizi şərtləndirən ən mühüm amillərdən biri odur ki, Azərbaycan Çin üçün stratejik əhəmiyyətli məsələlərdə onun yanındadır. Çin dövlətinin əsas yanaşması budur ki, qarşımızdakı tərəfdaş dövlət vahid Çin ideyasını qəbul edir yoxsa qəbul etmir. Qəbul edirsənsə, bizim üçün dostsan, tərəfdaşsan – əks halda münasibətlərin taleyi fərqli istiqamətdə formalaşır. Azərbaycan vahidçilik ideyasını müdafiə edən ölkə olaraq hər zaman beynəlxalq tərəfdaşlıqda ədalət və qarşılıqlı hörmət prinsiplərinə önəm verir. Bu baxımdan Çin ilə münasibətlərimiz xüsusilə diqqətəlayiqdir.
Bu gün Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan-Çin iqtisadi əlaqələri də sürətlə inkişaf edir. Çin artıq Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Bu siyahıda birinci yerdə İtaliya, ardınca isə Türkiyə, Rusiya və Çin qərarlaşıb. Çinlə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Hazırda Azərbaycanın ümumi ticarət dövriyyəsində Çinin payı 7,9%-dir. İdxal göstəricilərinə baxdıqda isə Çin birinci yerdədir və bu sahədə payı 17,7%-ə çatıb.
Yükdaşımalar və nəqliyyat sahəsi qarşılıqlı münasibətlərdə mühüm yer tutur. Orta Dəhliz layihəsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Çin malları Mərkəzi Asiyadan Qazaxıstan üzərindən Xəzər dənizinə, oradan isə Bakıya, daha sonra Gürcüstana, Türkiyəyə və oradan Qara dəniz vasitəsilə Avropaya çatdırılır. Bu nəqliyyat marşrutu nəticəsində 10 min kilometrlik məsafə 7 min kilometrə qədər qısaldılır və yükdaşımalar cəmi 12 günə reallaşır. Artıq 378 min ton yük bu dəhliz vasitəsilə daşınıb və bu göstərici getdikcə artır.
Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycanda iki Konfutsi institutu fəaliyyət göstərir və burada çin dili tədris olunur. Azərbaycanlı gənclərin Çin dilinə və mədəniyyətinə marağı artır və bu da iki ölkə arasında mədəni körpü rolunu oynayır.
Azərbaycanın bir sıra ölkələrdə ticarət nümayəndəlikləri mövcuddur və bunlar arasında Çin xüsusi yer tutur. Çin bazarında artıq Azərbaycanın xalçaları, qida məhsulları və digər məhsulları öz yerini tapıb. Bu da milli brendlərimizin tanıdılmasına mühüm töhfə verir.
Ən önəmlisi isə odur ki, Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı heç bir üçüncü tərəfi hədəf almır. Hər iki dövlət Qlobal Cənubun ayrılmaz hissəsidir və beynəlxalq əməkdaşlıqda tarazlı, konstruktiv mövqe nümayiş etdirir.
Prezident İlham Əliyevin Çinə bu günlərdə etdiyi səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Xüsusilə “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat” ikitərəfli və çoxtərəfli münasibətlərimizin yol xəritəsi hesab edilə bilər. Bu səfər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcək.
Turizm sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ilin yanvar ayından etibarən Azərbaycan Çin vətəndaşları üçün vizasız rejim tətbiq etməyə başlayıb. Bu qərarın nəticəsində Çindən gələn turistlərin sayı iki dəfə artıb. Bu isə təkcə turizm deyil, mədəni və iqtisadi əlaqələrin də dərinləşməsi deməkdir”.