Sosial

Dondurulmuş tərəvəz və meyvələr necə dəyişir?


Tərəvəz və meyvələrdən istifadə sağlam qidalanmanın əsasını təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə 5 porsiyaya qədər tərəvəz və meyvə istehlak etməyi tövsiyə edir. Amma təzə tərəvəz və meyvələrə çıxış həmişə mümkün olmaya bilər.

Bir çox insan dondurulmuş məhsulların təzə məhsullarla eyni qida dəyərə malik olmadığını düşünür. Dondurulmuş tərəvəz və meyvələrin saxlama müddəti daha uzun olur, mövsüm xaricində də onlardan istifadə etmək mümkündür.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Tarladan süfrəyə gələn təzə meyvə və tərəvəzlər bu müddətdə nə qədər dəyişir?

Əksər meyvə və tərəvəzlər yetişməmişdən əvvəl yığılır və onlara yetişmə vaxtı verilir. Tərəvəz və meyvələr supermarketə gəldikdən sonra 1-3 gün anbarda qala bilər. Daha sonra, evlərdə yeməkdən əvvəl 7 günə qədər gözləmə müddəti olur. Bu isə o deməkdir ki, yetişməmişdən əvvəl yığılmış təzə tərəvəz və meyvələrin vitamin, mineral və antioksidantları inkişaf etdirmək üçün daha az vaxtı olur. Saxlama zamanı bəzi qida dəyərlərini itirmək riski yüksəkdir. Məsələn, təzə tərəvəzlərdəki C vitamini məhsul yığımından dərhal sonra azalmağa başlayır və saxlanma zamanı daha da azalır. Ona görə də ən yaxşısı, təzə meyvə və tərəvəzləri yığıldıqdan sonra tez yeməkdir.

Dondurulmuş tərəvəz və meyvələr necə dəyişir?

Dondurulmaq üçün toplanan tərəvəz və meyvələr ən yüksək yetişmə dövründə və ən qidalı olduqları vaxtda yığılır. Məhsul yığıldıqdan sonra bir neçə saat ərzində yuyulur, doğranır, dondurulur və qablaşdırılır. Ümumiyyətlə, dondurmadan əvvəl heç bir kimyəvi maddə əlavə edilmir.

Tərəvəzlər, ümumiyyətlə, dondurma prosesi zamanı qida dəyərinin böyük hissəsini saxlayırlar. Bitki qidalarının tərkibində “fitokimyəvi” adlanan birləşmələr olur ki, bunlar bitkilər tərəfindən istehsal edilir. Bəzi araşdırmalara görə, tərəvəzləri 2 aya qədər dondurmaq bu birləşmələrin tərkibinə ciddi təsir göstərmir. Lakin bir ildən çox müddətə saxlandıqda bəzi qida maddələri parçalanmağa başlaya bilər.

Dondurulmuş qidalarla bağlı müxtəlif məhsullar üzərində araşdırmalar aparılıb və müxtəlif nəticələr əldə edilib. Məsələn, dondurulmuş brokkolinin təzə brokkolidən daha çox riboflavin (vitamin B2) ehtiva etdiyi müəyyən edilib. Lakin noxud dondurulduqda, riboflavinin dəyəri qismən azalmışdır. Riboflavin ümumiyyətlə immunitet sistemini dəstəkləyən və suda həll olan bir vitamindir. Buna görə də brokoli və noxud kimi tərəvəzləri suda qaynadıb suyunu atmaq vitamin itkisinə səbəb ola bilər.

Yay mövsümündə süfrələrdə tez-tez rast gəlinən yaşıl lobya, dondurma prosesindən sonra qida dəyəri baxımından əhəmiyyətli fərq göstərməyib. Bununla belə, dondurulmuş noxud, yerkökü və ispanaqda görmə və ümumi sağlamlıq üçün vacib olan beta-karotin miqdarının azaldığı müəyyən edilib. Bir araşdırma isə dondurulmuş çiy kələmin təzə kələmdən daha yüksək antioksidant tərkibinə malik olduğunu göstərib. Bu da sübut edir ki, dondurma prosesi bəzi tərəvəzlərin antioksidant tərkibini artıra bilər.

Dondurulmuş qidaların faydaları və riskləri

Digər tərəfdən, dondurma, C vitamini və tiamin (vitamin B1) kimi istiliyə həssas qidaların əhəmiyyətli dərəcədə itkisinə səbəb ola bilər. Bir neçə araşdırmaya görə, dondurma C vitamini itkisini 10-80% azalda bilər. Orta hesabla isə təxminən 50% vitamin və mineral itkisinə səbəb ola bilər. Ancaq unutmaq olmaz ki, gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz qaynama, qızartma və mikrodalğalı soba kimi bişirmə üsulları belə təzə və ya konservləşdirilmiş tərəvəzlərdə qida itkilərinə səbəb olur.

Əgər tiamin (vitamin B1) və C vitamini bədəndə çox aşağı olarsa, müvafiq olaraq beriberi və skorbüt (sinqa) baş verə bilər. Lakin bu vitaminlər müxtəlif mənbələrdə tapıla bildiyi üçün onlar haqqında tez-tez narahat olmaq lazım deyil. B qrupu vitaminləri gündəlik həyatımızda yediyimiz yaşıl tərəvəzlər, tam taxıllar, süd məhsulları və ətlər kimi bir çox mənbədən əldə edilə bilər. Vitamin C isə tərəvəz və meyvələrdə çox olur. Həm B qrupu vitaminləri, həm də C vitamini orqanizm üçün qoruyucu rolunu oynayır və orqanizmdə uzun müddət saxlanılmır. Onların gündəlik qəbulu qidalanma tənliyinin vacib hissəsidir.

Dondurulmuş məhsullar alarkən diqqət edilməsi vacib olan məqamlar

Dondurulmuş məhsulları alarkən, “inqrediyentlər” bölməsini diqqətlə yoxlamaq lazımdır. Dondurulmuş tərəvəz və meyvələr əsasən əlavələrdən azaddır, lakin bəzilərində şəkər və ya duz ola bilər. Yüksək qan təzyiqi olanlar duz əlavə edilməyən məhsulları seçməlidirlər. Əgər arıqlamaq prosesindəsinizsə, yadda saxlamaq lazımdır ki, souslar əlavə edilmiş məhsullar yağ və kalori qəbulunu artıra bilər.

Nəticə və tövsiyələr

Dondurulmuş və təzə məhsulların qida tərkibini müqayisə edən tədqiqatlar bir qədər fərqli nəticələr verir. Bunun səbəbi, bəzi tədqiqatlarda saxlama və daşınma vaxtının təsirini nəzərə almadan təzə yığılmış məhsullardan istifadə olunması, digərlərində isə supermarketlərdən alınan məhsullardan istifadə edilməsi ilə bağlıdır. Ümumiyyətlə, sübutlar göstərir ki, dondurma qida dəyərini qoruyub saxlayır və təzə ilə dondurulmuş məhsulların qida tərkibi oxşar olur.

Fermadan və ya öz bağınızdan təzə yığılmış meyvə və tərəvəzlər ən yüksək keyfiyyətə malikdir. Lakin supermarketdə alış-veriş edirsinizsə, dondurulmuş məhsullar təzə məhsullarla eyni dərəcədə ola bilər. Dondurulmuş meyvə və tərəvəzlər, təzə seçimlərə daha sərfəlidir. Ən yaxşı qida çeşidini əldə etmək üçün təzə və dondurulmuş məhsulların qarışığını seçmək ən yaxşı seçim ola bilər”.

Ayşən Vəli