Siyasət

“Dünyada heç bir ölkə terrordan yüz faiz sığortalanmayıb”


“Dünyada heç bir ölkə terrordan yüz faiz sığortalanmayıb. Eyni zamanda, dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Çünki terrorun qurbanları çox vaxtı günahsız insanlar, sadə vətəndaşlar, o cümlədən uşaqlar, yaxud gənclər olur. Elə 16 il əvvəl 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktın zamanı olduğu kimi”. Bunu SİA-ya açıqlamasında politoloq Nadir Azəri deyib.

O, qeyd edib ki, həmin gün səhər Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb: “Göründüyü kimi bu qanlı aksiyanın da günahsız qurbanları müəllim və tələbələr olub. Ümumiyyətlə, güman edirəm ki, həmin vaxt bu hadisəni törədənlərin, onların arxasında olanların əsas hədəfi ölkədəki sabiltlik və gənclər olub. Yəni onlar elə bilirdilər ki, bu hadisəni törətməklə Azərbaycanda yenidən qeyri-sabitlik yaranacaq, Azərbaycan gəncləri ruhdan düşəcək, mənən sınacaqlar. Amma hər şey yenə əksinə oldu”.

Nadir Azəri deyib ki, Azərbaycan dövləti və xalqı bu hadisədən də, bu sınaqdan da alnıaçıq çıxdı: “Əvvəla hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəldilər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürdü. Hadisədən sonra keçirilən məhkəmə prosesində cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını aldılar. İkincisi, xalqımız həmin günlərdə də bir oldu, dövlət-xalq birliyi bütün dünyaya nümayiş etdirildi. Üçüncüsü, gənclərimiz daha da mətn və dövlətci mövqe sərgilədilər. Dünya bir daha gördü ki, Azərbaycanı sarsıtmaq, yolundan döndərmək, xaosa, anarxiyaya sürükləmək mümkün deyil. Ən əsası, dövlət, şəxsən Prezident İlham Əliyev terror qurbanlarının yaxınlaırnın və hadisə zamanı yaralananların yanında oldu. 2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edildi. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur”.

Ayşən Vəli