“İnsan nəyə maraq göstərirsə, zamanla onu özü üçün dəyərə çevirir”
“Düşünürəm ki, bu məsələ barədə cəmiyyət olaraq düşünməliyik. Yəni həm satan, həm də alan tərəf məsuliyyət hiss etməlidir. Satıcı düşünməlidir ki, zərərli və uyğun olmayan məhsulları satmaqla öz cəmiyyətinə və xalqına zərər vurur. Bu baxımdan bazara daxil olan məhsullara ciddi nəzarət olunmalıdır. Əgər nəzarət düzgün və effektiv həyata keçirilsə, problemlərin ikinci mərhələsi – valideynlərə çatan mərhələ – daha asan həll edilə bilər. Hər kəs öz üzərinə düşən məsuliyyəti vaxtında və düzgün yerinə yetirsə, hamının yükü daha yüngül olar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, valideynlərə isə tövsiyə edərdim ki, aldıqları oyuncaqların hansı obrazı və ya cizgi film qəhrəmanını təmsil etdiyini araşdırsınlar: “İlk növbədə həmin obrazın iştirak etdiyi filmə baxmaq, onun xarakterini anlamaq lazımdır. Valideynlər uşaqlarının baxdığı cizgi filmlərini izləməli, oradakı qəhrəmanların hansı davranışları nümayiş etdirdiyini dərk etməlidirlər. Çünki bu qəhrəmanlar uşağın şüuraltına təsir edir. Uşaq həmin obrazın davranışlarını mənimsəyir, təqlid edir və zamanla bu davranışlar onun şəxsiyyətinin bir hissəsinə çevrilə bilər.
Uşağın xarakteri əsasən 8 yaşına qədər formalaşır. Biz bu dövrdə uşağa hansı dəyərləri aşılamışıqsa, 12-13 yaşından sonra həmin dəyərlərin nəticələri daha aydın şəkildə üzə çıxır. Ona görə də valideynlər aldıqları oyuncaqları yalnız vizual görünüşünə görə deyil, onların simvolizə etdiyi obrazlara və mesajlara görə də qiymətləndirməlidirlər. Əgər bir obrazın mənfi xüsusiyyətləri varsa, uşaqla bu barədə danışmaq, ona bu davranışların niyə doğru olmadığını izah etmək çox vacibdir. Beləcə, uşaq həmin oyuncağa maraq göstərməyəcək və ondan uzaq durmağı özü qərar verəcək”.
Psixoloq həmçinin qeyd edir ki, unutmaq olmaz ki, insan nəyə maraq göstərirsə, zamanla onu özü üçün dəyərə çevirir: “Ən vacibi isə budur: bu gün bir çox valideynlər cəmiyyətin öyrətdiyi “ailə qur, uşaq sahibi ol” qaydası ilə valideyn olurlar. Amma az adam düşünür ki, mən psixoloji və elmi baxımdan valideyn olmağa hazırammı? Mənim bilik və savadım övlad yetişdirmək üçün yetərlidirmi?
Unutmayaq ki, biz cəmiyyətə sağlam, həm psixoloji, həm də fiziki baxımdan güclü şəxsiyyətlər bəxş etmək istəyiriksə, bu cür incə və mühüm detallara diqqət yetirməliyik. Bu sahədə kifayət qədər maarifləndirici videolar, məqalələr, platformalar mövcuddur. Sadəcə olaraq valideynlər bir az daha maraq göstərməli və məsuliyyətli davranmalıdır”.