Siyasət

Sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi əməkdaşlıq modeli


Azərbaycan xarici siyasətini balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan model üzərində qurub. Müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrini yeni istiqamətlər üzrə quran Azərbaycanın həmin ölkələrlə beynəlxalq təşkilatlar daxilində münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu yanaşma Azərbaycanın Şərq, Asiya ölkələri ilə münasibətlərini daha da inkişaf etdirməsinə şərait yaradıb. Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin tərəfdarı kimi tanınır və nüfuz qazanır. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir, ölkəmizin iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihələrin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi, hər bir layihənin uğurlu sonluqla başa çatmasına səylər göstərməsi yeni əməkdaşlıq formatlarının yaradılmalsını və illər keçdikcə coğrafiyasının genişlənməsini şərtləndirir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə bir daha diqqəti bütün bu məqamlara yönəltdi. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulanaraq o da əlavə edildi ki, Azərbaycan ikitərəfli münasibətlərin dərinləşməsini xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Azərbaycan-Çin münasibətləri çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının rəsmi nümayəndələri Çində səfərdə oldular. Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər etdilər. Çin Xalq Respublikasının (ÇXR) Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu.

Qarşılıqlı səfərlər münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu səfərlər zamanı keçirilən görüşlərdə günün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılır, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlər imzalanır. Hər bir sənəd münasibətlərin yeni istiqamət üzrə inkişafında yol xəritəsidir. Prezident İlam Əliyevin aprelin 22-də Çin Xalq Respubilkasına dövlət səfəri çərçivəsində 20-yə yaxın müxtəlif sahələrdə əlaqələrin inkişafına xidmət edəcək sənəd imzalandı. Həmçinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalandı. Sənətdə də vurğulandığı kimi, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.

Qeyd edək ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Hər iki tərəf münasibətlərin bütün sahələrdə inkişafında maraqlıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər, yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər bir daha Azərbaycan liderinin sözügedən müsahibəsində səsləndirdiyi fikirlərin təsdiqi oldu. Prezident İlham Əliyev bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Ötən il qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də təsdiq edildi ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.

İki ölkənin iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünü dəstəkləyir. Ölkəmizin “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Dövlət başçısı İlham Əliyev Sinxua agentliyinə müsahibəsində bu layihənin əlaqələrin inkişafına verdiyi töhfələrə diqqəti yönəldərək vurğuladı ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir: “2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.”

Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi ilə Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü, qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.

Dövlət başçısı İlham Əliyev 2014-cü ildə Çinə işgüzar səfər edib. 2015-ci ildə ÇXR-də dövlət səfərində olub. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Keçilən yola qısa baxış bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Əminliklə söyləyə bilərik ki, dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə öz müsbət təsirini göstərəcək.

Səlim Rəhimzadə,

“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi