İqtisadiyyat

Xarici, yoxsa yerli məhsul?


“Fikrimizcə, məhsulun keyfiyyəti əsas şərtdir. Onun yerli və ya xarici olması isə hazırkı mərhələdə o qədər də ciddi fərq yaratmır. Məsələn, əgər bir məhsul xaricdən idxal olunursa və tərkibində GMO (geni modifikasiya olunmuş orqanizm) varsa, bu məhsul gömrükdə saxlanıla bilər. Qanunvericiliyə əsasən, geni modifikasiya olunmuş məhsulların qida təyinatı ilə Azərbaycana idxalına icazə verilmir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Xarici məhsullara müəyyən sahələrdə üstünlük verilməsinin əsas səbəblərindən biri də onların gömrük süzgəcindən keçməsidir. Digər tərəfdən, ölkə daxilində istehsal olunan məhsulların əksəriyyəti bu cür nəzarət və yoxlamalardan keçmədən birbaşa bazara çıxarılır. Məsələn, xarici məhsul GMO olduğu üçün ölkəyə buraxılmırsa, bu tip məhsulun ölkə daxilində istehsalı və satışa çıxarılması mümkündür. Təəssüf ki, Azərbaycanda yerli qida məhsullarının istehsalına nəzarət və yanaşma xarici ölkələrlə müqayisədə daha səthidir.

Bu səbəbdən də mən şəxsən xarici məhsullara daha çox etibar edirəm. Məsələn, Azərbaycanda istehsal olunan kolbasaların böyük əksəriyyətini yemək mümkün deyil. Əgər ölkə daxilində təzə südün 1 litri 1 manatdırsa, həmin süddən alınan kərə yağının 5 manata satılması inandırıcı deyil və bu da yerli qida sənayesinə etimadı sarsıdır. Bu səbəblə hesab edirəm ki, məhsulun mənbəyindən daha çox onun keyfiyyətinə və nəzarət səviyyəsinə diqqət yetirilməlidir”.

Ayşən Vəli