Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.
“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır”, – deyə məlumatda qeyd olunub.