Həkim səhlənkarlığı zamanı nə etməliyik?
“Həkim səhlənkarlığı nəticəsində şəxs zərər çəkibsə, bu zaman həkim barəsində üç məsuliyyət var”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.
Onun sözlərinə görə, birinci məsuliyyət daxili olaraq intizam məsuliyyətidir: “İkinci, mülki məsuliyyətdir, üçüncü, cinayət məsuliyyətidir. Baş verilən səhlənkarlığın həddinə, ağırlıq dərəcəsinə baxılaraq bunlar, cinayət məsuliyyətinin olub-olmaması məsələsi araşdırılmalıdır.
Əgər şəxs hesab edirsə ki, həkimin hərəkətində cinayət məsuliyyətinə cəlb etməyə əsas verən hallar var, o zaman cinayət məsuliyyəti ilə bağlı müvafiq olaraq qurumlara müraciət edə bilər. Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə bağlı müraciət edə bilər.
Şəxs mülki məsuliyyətlə bağlı məhkəməyə müraciət etməlidir. Mülki məsuliyyətdə həkimlə müvafiq olaraq şəxsin çəkdiyi zərərə görə istər maddi, istər mənəvi pul tələb edə bilər. Bu da Mülki Məcəllənin 21-ci, 1118-ci maddələri ilə tənzimlənir. Həkimin pasienti düzgün müalicə etmədiyi öz təsdiqini taparsa, sübuta yetirilərsə, ona qarşı həm maddi, həm də mənəvi təzminatla bağlı iddia qaldırmaq mümkündür.
İntizam məsuliyyətinə gəlincə isə müvafiq olaraq bu barədə həkimin tabe olduğu quruma müraciət edilə bilər. Bunun barəsində vəkilin peşə fəaliyyətinə dolayı barəsində intizam tənbeh tədbirləri tətbiq edilə bilər”.