Orta və kiçik biznes: qeyri-neft sektoruna doğan günəş
1991-ci ildə Sovet İttifaqından yenicə ayrılan və müstəqilliyini bərpa edən Azərbaycanı ağır iqtisadi böhran bürümüşdü. Xalqı bu vəziyyətdən yalnız neftimiz xilas edə bilərdi. Elə müstəqilliyin ilk onilliyində insanlar öz milli sərvəti hesabına olmazın çətinliklərinə sinə gərə bildilər. Lakin ümidləri tək neftə bağlamaq, bütün sahələri onun hesabına dirçəltmək bu sərvətin tükənməsi demək olardı. Məhz elə buna görə də müstəqil Azərbaycan dövlətinin siyasətində neftdən asılılığı aradan qaldırmaq başlıca prioritetə çevrildi. Prezident İlham Əliyev hələ illər öncə deyirdi: “Azərbaycanın bugünkü inkişafı artıq enerji resurslarından yox, qeyri-neft sektorundan asılıdır”.
Beləliklə, ölkədə orta və kiçik biznesin inkişafını qeyri-neft sektoruna doğan günəş adlandırmaq olar. Çünki bu sahə iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki qollardan birini təşkil edir. Yenicə formalaşan, sovet stereotiplərinə əlvida edən ölkədə orta və kiçik biznesin inkişafı yeni bir başlanğıc oldu. Nə qədər çətin olsa da, bu, artıq sosializmdən kapitalizmə – yeni ictimai-iqtisadi formasiyaya keçmiş ölkə üçün vacib idi.
Pərakəndə sektor dövlətin dostuna çevrildi
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və xüsusilə də iqtisadi inkişafına təbii ki, hər bir vətəndaş kömək etməli idi. İqtisadi tərəfdən bu, kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrini dirçəltməklə, orta və kiçik biznes subyektləri yaratmaqla reallaşa bilərdi. Həmin vaxtdan bir qədər sonra iqtisadi meydanda orta və kiçik biznesin tədricən inkişafı, pərakəndə sektorun şəbəkə marketləri yaratmaqla bu inkişafa dəstək olması müşahidə edildi. Azərbaycanda yenicə tətbiq edilən bu sistem illər uzunu zərərlə işləsə də, dözüm nümayiş etdirən, bu bazara arxa çevirməyən, gələcəyə nikbin nəzərlərlə baxan sahibkarların səyi nəticəsində bazarda öz mövqeyini qazandıqca, filiallarının sayı artdıqca, istehlakçılarla münasibətlər qurulduqca, çoxsaylı istehlakçı həm də istehsalçıya çevrilib şəbəkə marketlərini kənd təsərrüfatı və digər məhsullarla təmin etdikcə, xüsusilə qadın və gənclər üçün yüzlərlə yeni iş yeri yarandıqca pərakəndə sektor dövlətin dostuna çevrildi. Çünki iqtisadiyyatın şaxələnməsinə, bazarın genişlənməsinə, məşğulluğa, əhali rahatlığına, qida təhlükəsizliyinə zəmin yaradıldı. Bütün bunlar isə insan amili siyasətinin əsasını təşkil edən dövlətimiz üçün bir tərəfdən qeyri-neft sektorunun inkişafı, digər tərəfdən isə vətəndaşının rahatlığı, sağlamlığı, işlə təminatı nöqteyi-nəzərindən yalnız dostun edə biləcəkləri idi.
Dövlət də sahibkarlığın inkişafına dəstək verdi: müxtəlif həvəsləndirmələr, uzunmüddətli kreditlər, subsidiyalar, ilk 3 ildə vergidən azad edilmə və əməyin qiymətləndirilməsi. Elə 2 fevral 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən ölkədə uğurlu biznes fəaliyyəti ilə nümunə gücündə olan Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun “Tərəqqi” medalına layiq görülməsi ölkə iqtisadiyyatının inkişafında onun dövlətlə dostluğuna verilən qiymət idi.
2016-cı ildən aprel ayının 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi təsis olunması isə dövlətin sahibkarlara göstərdiyi diqqətin nəticəsidir.
Məhəllə dükanlarından şəbəkə marketlərə
Şəbəkə marketlər yaradılana qədər insanlar alış-verişi “qastronom”lardan (onlar da uzaq məsafələrdə olurdu) və yağışdan sonra çoxalan göbələk kimi məhəllələrə səpələnən sovet dövründən qalma uyğunsuz binalarda yerləşən rütubətli və ya səhərdən-axşamadək günəş şüalarına məruz qalan kiçik dükan-mağazalardan edirdi. Alıcı cəlb etmək üçün məhsullar qapının ağzına-bayıra da yığılırdı: qapıdan asılan kolbasaların, “cipsi-kukruz” torbalarının, ətrafdakı tozun təmas etdiyi noxud, düyü, şəkər tozu, çərəz kisələrinin yeri dəyişməz olaraq qalırdı. Təəssüf ki, bu gün hələ də məhəllə mağaza və dükanlarının sayı şəbəkə marketlərdən çoxdur və onların əksəriyyətində mənzərə yuxarıda söylədiyim kimidir və insan sağlamlığı hələ də təhlükə ilə üz-üzədir. Aid qurumlar isə, görünür, bu problemi həll edə bilmir.
Satıcının insafına görə istədiyi vaxt açıb-bağladığı dükanlar heç də hər zaman köməyə çata bilmir. Axşam 18:00-19:00-dan sonra bir qonağın gəldimi, çörək almaq üçün gedirsən, budur, bağlıdır. Məcbursan böyük marketlərə üz tutmağa.
Əksər məhəllə mağazaları o qədər kiçik olur ki, sabun, yuyucu toz kimi qeyri- ərzaq məhsullarının qoxusu yaxınlıqdakı ərzaq məhsullarına hopur: peçenye, makaron sabun dadır.
Burada çox halda meyvə və tərəvəz satılmadığı üçün alıcı əlavə olaraq bazara üz tutur. Ərazisi bir qədər böyük dükan-mağazalar hərtərəfli satış üçün meyvə və tərəvəz satmağa başlasa da, lakin bu, arzulanan effekti vermir. Çünki satıcı bu məhsulları birbaşa istehsalçıdan yox, bazardan-alverçidən alır, qazanc üçün qiyməti bir qədər də qaldırır, istehlakçıya baha qiymətə təklif edir və alınmadığı təqdirdə saxlama və soyutma anbarı olmadığı üçün köhnəlir. Bütün bunlar onların alıcılarını hər gün bir az da itirir.
Şəbəkə marketlər uyğun binalarda yerləşdirilməsi, genişliyi, rahatlığı sanitariya-gigiyena qaydalarına ciddi riayət olunması, hər an müasir texnologiyaların və dünya praktikasının tətbiqi, əsasən 24 saat fəaliyyəti və digər üstün cəhətləri ilə alıcı məmnunluğu qazanır.
Beləliklə, məhəllə dükan-mağazalarından çox müsbət fərqə malik olan, filialları şəhərbəşəhər, kəndbəkənd artırılan şəbəkə marketlərin yaxın gələcəkdə onları tamamilə sıxışdırıb ticarət sektorundan çıxaracağı gözlənəndir.
Yolun üstündə, evə yaxın: vaxt itirmədən, əlavə pul xərcləmədən
Azərbaycanda böyük supermarketlər insan faktoru nəzərə alınaraq qurulub. Yəni bütün təbəqələrdən olan insanların sosial vəziyyəti düşünülüb. Bu səbəbdən də bütün yaşayış məntəqələrində həm böyük supermarketləri, həm də onların kiçik filiallarını görmək olur. Məsələn, mən metronun Xətai stansiyası çıxışından evə qədər “Araz”, “Bravo”, “Oba”, “Al” kimi böyük və “Mərcan” məhəllə marketindən istifadə edə bilirəm. Bu, şəhərin bütün yaşayış ərazilərində belədir.
Bəs bəzi xarici ölkələrdə necədir?
Baxmayaraq ki, iqtisadi cəhətdən bizdən irəlidə olan ölkələr var, lakin həmin ölkələrdə insan amili bizdəki qədər önə çəkilmir. Böyük supermarketlər əsasən şəhər kənarında, magistral yollara yaxın məsafədə yerləşir. Bu da avtomobili olmayan, gündəlik alış-veriş etmək istəyən insanlar üçün problem yaradır, eyni zamanda vaxt itkisinə səbəb olur. Məsələn, ABŞ-də (Walmart, Costco, Target), Kanadada (Superstore, Walmart, Costco), Avstraliyada (Coles, Woolworths), Almaniyada (Aldi, Lidl, Kaufland), Türkiyədə (CarrefourSA, Migros, Metro, IKEA) kimi şəbəkələr adətən şəhərdən kənarda, parkinq imkanları olan zonalarda yerləşir. Düzdür, şəhər daxilində onlardan bəzilərinin kiçik filialları və digər marketlər də var. Lakin bunlar ehtiyacları ümumilikdə qarşılamaq üçün kifayət etmir.
Azərbaycanda isə:
–piyada çıxıb, marketdən istədiyini ala bilirsən. Avtomobilin olmasına ehtiyac qalmır.
-şəhər kənarına gedib-gəlmək üçün vaxt və əlavə xərc sərf etmirsən.
-marketlər şəhər daxilində olduğu üçün tanışlıqlar artır, insanlar bir-biri ilə sosial təmasda olur, üstəlik bir-birinə yardım da edir.
– məhsulu az miqdarda, tez-tez almaq daha səmərəlidir, çünki hər dəfə təzə məhsul alır və ağır yük daşımırsan.
Şəbəkə marketləri, istehsalçı, kəndli və sənaye dördlüyü
Şəbəkə marketləri istehsalçılarla, kəndlilərlə və sənaye ilə sıx təmas, iş birliyi yarada bilib. Hazırda şəbəkə marketləri bu dördlük formatında zəncirvarı iş prinsipi həyata keçirərək alıcı məmnunluğunu qazanır. Həm də optimal yolla öz inkişafını təmin edir.
Şəbəkə marketlər kənd təsərrüfatı və digər ərzaq məhsullarını birbaşa istehsalçıdan və kəndlidən ala bilir. Bu, ilk növbədə sahibkarın iqtisadi məntiqi və bu məntiqə uyğun yaratdığı şəraitdir: böyük saxlama və soyuducu anbarları, logistika imkanları. Beləliklə, burada həm istehsalçı, həm də kəndli qazanır. Dünənədək özünə alıcı axtaran istehsalçı artıq məhsulunu rahatlıqla sata bilir. Və yaxud əvvəllər məhsulu əlində qalan, alıcı tapana kimi meyvə-tərəvəzi çürüyən, sıradan çıxan, bazar alverçilərinin ucuz təklifi ilə qarşılaşan kəndlinin artıq alıcı başının üstündədir. Ona keyfiyyətli məhsul yetişdirmək qalır.
Şəbəkə marketlər eləcə də sənaye sektoru ilə əməkdaşlığı gücləndirir və nəticədə sifariş verdiyi məhsulları vaxtında və keyfiyyətli şəkildə əldə edir. Nəticədə nə baş verir?
-məhsullar istehsalçıdan topdansatış qiymətinə alındığı üçün qiymətlər münasib olur.
-şəbəkə marketlərə üz tutan alıcı burada bütün ehtiyaclarını qarşılaya bilir: ərzaq, qeyri-ərzaq, kənd təsərrüfatı və sənaye məhsullarını bir yerdən alır.
-bazara, ayrı mağazalara üz tutaraq əlavə vaxt və vəsait itkisi yaşamır.
– “ƏDV geri al” sistemindən, gündəlik və bayramlarda edilən xüsusi endirimlərdən, şəbəkə marketlərin xüsusi kartına sahib olmaqla kampaniyalardan yararlanır.
Şəbəkə marketlər dövlətin yüksək və intizamlı vergi ödəyiciləridir
Hansı sektor olur-olsun, dövlət vergiləri vaxtında, qanunvericiliyə uyğun ödənirsə, uzunömürlü və nüfuzlu ola bilir. Şəbəkə marketlər adətən tam rəsmi qeydiyyatda olur, bütün satışları kassa aparatı vasitəsilə həyata keçirir və hər əməliyyat mühasibat uçotuna daxil edilir. Bu, kiçik dükan-mağazalardan fərqli olaraq verginin gizlədilməsinin qarşısını alır.
Onların gündəlik satış həcmi çox böyükdür, nəticədə dövriyyədən hesablanan vergilər (ƏDV, gəlir vergisi və s.) də yüksək olur. Şəbəkə marketlərdə yüzlərlə işçi çalışır və əmək haqqı rəsmi sənədləşdirildiyi üçün həm gəlir vergisi, həm sosial sığorta ödənişləri tam ödənir.
Həmçinin şəbəkə maketlər brendlərlə işlədiklərinə görə nüfuzlarını qorumaq üçün vergidən yayınmağa çalışmır, çünki bu, cərimələrə və imic itkisinə səbəb ola bilər.
Alıcı şəbəkə marketlərdə nəyi görmək istəyir…
-məhsulların topdansatış qiymətinə daha yaxın olmasını.
-bəzi xarici ölkə şəbəkə marketlərindəki kimi self-checkout kassaların tətbiqi, avtomatik stok izləmə, mobil tətbiqlərlə sifariş və çatdırılmanın daha geniş yayılmasını.
–plastik torbalardan tamamilə imtina, alıcının öz ərzaq torbası ilə gəlməsinin təşviqi, ekoloji məhsulların xüsusi bölməsinin xarici ölkələrdəki kimi genişləndirilməsini.
-məhsulun son istifadə tarixinin, keyfiyyət standartlarının düzgün izlənilməsini.
– bəzən ləng və qeyri-səmərəli olan şikayətlərin həlli prosesinin sürətləndirilməsini.
-“Araz”, “Oba”, “Rahat” şəbəkə marketləri kimi digərlərinin də adlarında Azərbaycan toponimlərindən və ya sözlərindən istifadə olunmasını.
– Avropa ölkələrində və qonşu Türkiyədə olduğu kimi kassalarda çalışan işçilərin hüquq naminə əyləşərək işləməsini.
Unutmayaq ki, şəbəkə marketlərdən alıcının tək məhsulla deyil, həm də məmnunluqla ayrılması onların daha böyük inkişafına stimuldur.
Mətanət Məmmədova
Qeyd: Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”.