AMB-də emissiya prospektlərinin tərtibatı ilə bağlı təqdimat keçirilib
Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Emissiya prospektlərində ən çox yol verilən xətalar” mövzusunda təqdimat keçirib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə emissiya prospektlərində ən çox rast gəlinən nöqsanlar və onların praktiki nümunələri, normativ hüquqi aktların tələbləri baxımından bu nöqsanların təhlili üzrə mühüm məlumatlar, həmçinin emissiya sənədlərinin düzgün və tam şəkildə hazırlanması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.
Tədbirin keçirilməsinin məqsədi emissiya prospektlərinin keyfiyyətinin artırılması, buraxılış prosesinin daha səmərəli və şəffaf şəkildə təşkili, eləcə də emitentlər və investisiya şirkətlərinin məlumatlılığının artırılması olub. Təqdimatda praktiki yanaşmalar əstrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
“AMB-nin bu kimi maarifləndirici tədbirləri emissiya ilə bağlı proseslərin effektiv kommunikasiyasına, eləcə də yeni emitentlərin kapital bazarına cəlb olunmasına xidmət edir. Qiymətli kağızların buraxılışının təkmilləşdirilməsi və normativ uyğunluğun təmin olunması istiqamətində maarifləndirmə fəaliyyətləri gələcəkdə də davam etdiriləcək”, – deyə qurum bəyan edib.