AZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq.
SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir.
Qeyd edək ki, hazırda AZAL Hindistanın Mumbai və Nyu-Dehli şəhərlərinə müntəzəm uçuşlar icra edir. Belə ki, Bakı-Mumbai-Bakı marşrutu üzrə həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri reyslər həyata keçirilir. İyunun 16-dan etibarən isə bu istiqamətdə uçuşlar hər gün nəzərdə tutulub. Eyni zamanda, Bakıdan Nyu-Dehli istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər yerinə yetirilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.