İqtisadiyyat

Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək


Bu ilin mayın 10-da Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu təşkil olunacaq. SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Sahibkarlar Günü” və 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, forum İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, İslam Ticarət və İnkişaf Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Sahibkarları bu əhəmiyyətli tədbirdə iştiraka dəvət edirəm”, – deyə M. Musayev vurğulayıb.

Konfederasiya rəhbəri çıxışında dövlət-özəl tərəfdaşlığının yeni mərhələyə keçməsinin vacibliyinə də diqqət çəkib:

“Müasir dövrdə risklərin və məsuliyyətin dövlətlə özəl sektor arasında optimal şəkildə bölüşdürülməsi əsas çağırışlardan biridir. Bu hədəflərə çatmaqda özəl sektorun üzərinə böyük məsuliyyət düşür”.

O əlavə edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası hər zaman sahibkarların maraqlarını qorumaq, onları məlumatlandırmaq və hüquqlarını müdafiə etmək üçün fəaliyyət göstərir:

“İqtisadi islahatlara dəstək verir, dövlət-sahibkar dialoqunun inkişafına töhfə veririk. Regional forumlar, təlimlər, beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə yerli biznesin inkişafına və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş addımlar atırıq”.