Siyasət

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib


Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının aprelin 25-də açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Əlavə olaraq qeyd olunub ki, yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.

Açılış nitqində Baş prokuror Kamran Əliyev yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.