Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından aktiv istifadə etməlidirlər
Azərbaycan sahibkarları qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından aktiv istifadə etməlidir. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.
“Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə sahibkarların bu tip tikinti obyektləri üçün sadələşdirilmiş icazə proseduru nəzərdə tutulub. Fərman faktiki olaraq qeyri-yaşayış sahələrində tikinti amnistiyası elan edir. İş adamlarını bu fürsətdən daha aktiv istifadə etməyə çağırırıq”, – deyə o qeyd edib.