İqtisadiyyat

Sosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı getdikcə çoxalır


“Bu gün özəl sektor Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf edir. Son illərdə aparılan islahatlar nəticəsində iqtisadiyyat xeyli dərəcədə “ağardılıb”, şəffaflıq səviyyəsi yüksəlib”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Birinci müavini Elnur Əliyev deyib.

Onun sözlərinə görə, vergi daxilolmaları, əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb: “Sahibkarlar büdcə gəlirlərinin formalaşmasında önəmli rol oynayırlar. 2025-ci ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 3,2 milyard manatdan çox olub. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 11 faiz çox olub.

Həmçinin, biznesin sosial məsuliyyəti də yüksəlib. Sosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı getdikcə çoxalır. Özəl sektorda bu cür müsbət dəyişikliklər sevindiricidir. Cəmiyyət üçün vacib və həssas məsələlərdə, məsələn, pandemiya və Vətən Müharibəsi zamanı, eləcə də Qarabağın dirçəlişində fəallıq göstərən sahibkarlarımıza xüsusilə təşəkkür edirik. Dövlət daim müxtəlif platformalarla sahibkarları dəstəkləyir. Sənaye zonalarında sahibkarlar üçün dövlət tərəfindən infrastruktur yaradılıb və stimullar tətbiq olunur. 2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və respublikamızın müxtəlif bölgələrində olan sənaye zonalarında investisiya portfeli 1 mlrd. manatdan çox 96 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 11 minədək iş yerinin yaradılması nəzərdə tutulur”.